Bu gün Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika Fənn Olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, tarix, biologiya, riyaziyyat, fizika və coğrafiya fənləri üzrə keçirilib.
F.Qarayevin sözlərinə görə, Respublika Fənn Olimpiadalarına maraq ildən-ilə artır:
“2018-2019-cu tədris ilində olimpiadaya 30 mindən çox 9-11 sinif şagirdi qatılıb. Olimpiadanın respublika mərhələsi yarımfinal və final mərhələsindən ibarət olub. Yarımfinal mərhələsində 6083, final mərhələsində 588 şagird iştirak etmək hüququ qazanıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib. Bəzi fənlər var ki, şagirdlər orada iştiraka xüsusi maraq göstəriblər. Bunlar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, coğrafiya kimi fənlərdir. Final mərhələsində iştirak etmək hüququ qazanmış hər bir iştirakçı müvafiq sertifikatla təltif olunub”.
F.Qarayev qeyd edib ki, ümumilikdə Respublika Fənn Olimpiadalarında 52 rayon-şəhər üzrə 164 müxtəlif təhsil müəssisələrini təmsil edən şagirdlər qalib gəlib:
“Bölgələr üzrə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələri 68, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin məktəbləri 79, Sumqayıt şəhəri 23 medal əldə edib. Qallib məktəblilər arasında Bakı və Sumqayıtla yanaşı Astara, Gəncə, Agcabədi, Neftçala, Xaçmaz, Salyan, Şuşa şəhəri, Lənkəran, İsmayıllı və Ucar məktəbliləri də var”.
Qalibləri təbrik edən Təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. O qeyd edib ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Təhsil naziri bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb.
Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir. Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsil idarəetmə orqanlarının prioriteti olmalıdır:
“Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq ki, bu da məktəblərin və müəssisə rəhbərlərinin rəğbətləndirilməsi üçün əsasdır”.
Nazir qeyd edib ki, bu gün keçirilən mükafatlandırma mərasimi respublikanın təhsil ictimaiyyəti üçün bayramdır:
“Siz şagirdlər bu nəticələrələ özünün də fəxr edə bilərsiniz, biz dəs sizinlə fəxr edirik. Bu nəticələrin əldə olunmasının arxasında çox böyük zəhmət dayanır. Yeni sistem tətbiq olunub, biri-biri ilə bağlı olan kompleks tədbirlər həyata keçirilib. İldən ilə beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin sayı və onların qazandıqları medalların əyarı artmaqdadır. Artıq qeyd etdiyim kimi, beynəlxalq müsabiqə üzrə qaliblər istənilən ali məktəbin iastənilən ixtisasına, respublika üzrə qaliblər isə müvafiq ixtisaslar üzrə ali məktəbə ödənənişsiz, əyani ixstsaslara daxil ola bilərlər. Bu mənada burada iştirak edən şagirdlərə ikiqat təbrik düşür. Belə ki, onlar artıq tələbə adını da qazanıblar”.
Nazir qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərində olimpiadalara hazırlıq mərkəzləri yaradılıb:
“Olimpiada üzrə milli komandamazın hazırlığına gəldikdə isə qeyd etməliyəm ki, ən bacarıqlı, ən savadlı insanlar bu prosesə cəlb olunub. Mən bu prosesdə iştirak edən hər kəsə minnətdarlığımı bildirirəm. Xaricdən cəlb edilmiş mütəxəssislər də milli olimpiada komandamızın hazırlığına cəlb olunub. Hər bir nəticənin arxasında şəffaf və ədalətli qiymətləndirmə dayanır. Yalnız ədalətli və rəqabətli şəkildə keçirilən olimpiadada yüksək nəticə əldə etmək mümkündür. Bu, eyni zamanda çoxşaxəli və çoxmərhələli bir işdir. Bu işlə Təhsil Nazirliyinin böyük bir komandası məşğuldur. Onlar həqiqətən də respublikamız üçün faydalı iş görürlər. Olimpiadaya hazırlıq mərhələsində xüsusi seçilmiş müəllimlər iştirak edirlər”.
İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan Ceyhun Bayramov çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb:
“Sonda üzümü şagirdlərə tutaraq demək istəyirəm ki, gələcək sizin əlinizdədir. Hər bizinizə uğurlar arzulayıram.
Yolunuz açıq və uğurlu olsun!”
Mərasimdə Respublika Fənn Olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş edilib.
Daha sonra mərasimdə Respublika Fənn Olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub. Əvvəlcə bürünc, daha sonra isə gümüş və qızıl medallar sahiblərinə təqim olunub.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.