2014-cü ilin sentyabr ayında YUNESKO-nun Baş Qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu həftə çərçivəsində Azərbaycanın qədim tarixinin simvolu olan və YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun daha da geniş təbliğ olunması məqsədilə 15 sentyabr 2014-cü il tarixində Qobustana aid foto və əşyalar sərgisinin nümayişi, ziyafət, müxtəlif növlü təbliğat materiallarının paylanması və "Qobustan kölgələri" baletinin nümayişi təşkil olunacaq.
Bu məqsədlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəqqasları, Böyük Britaniyalı məşhur xoreoqraf Maksin Braham və digər nüfuzlu mütəxəssislər cəlb edilib.
Tədbirdə ölkəmizin, YUNESKO katibliyinin və təşkilata üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirakı və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qədim tarixinin simvolu olan və YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun təbliğ olunması məqsədilə 16 sentyabr 2014-cü il tarixində Fransanın Strasburq şəhərində "Qobustan kölgələri" baleti nümayiş etdiriləcək. Tədbirdə ölkəmizin, Avropa Şurasının və təşkilata üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulur.
İlhamə