12 Oktyabr 2019 23:31
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda övladlığa götürmə ilə bağlı böyük dəyişikliklər baş verir. Bu barədə “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” qanuna müəyyən əlavə və dəyişikliklər təkliflər olunur. Dəyişikliklərlə bu sahədə olan boşluqların aradan qaldırılması gözlənilir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.4-cü (Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda övladlığa uşaq götürməsinə yol verilməməsi) bəndinin əlavə olunması, 120-ci maddəyə yeni 120.1.8-ci (Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəliri yaşayış minimumunun məbləğindən az olan şəxslərin övladlığa uşaq götürməsinin qadağan edilməsi) bəndinin əlavə olunması təklifini şərh edərkən bildirib.

O, övladlığa götürməyin ciddi məsələ olduğunu vurğulayıb: “Xaricdə ev alanda hətta evin ətrafındakı ağaclara kimin qulluq edəcəyi, bu məsələdə kimin əsas məsuliyyət daşıyacağı müqavilədə qeyd olunur. Detallara qədər hər şeyə çox ciddi yanaşılır.

Övladlığa götürmədə uşağın taleyindən söhbət gedir. Bir vətəndaşın şəxsiyyətinin formalaşması üçün mühit önəmli məsələlərdəndir. “Övladım olsun, qocalanda mənə baxsın” faktorlarıyla hərəkət etmək olmaz”.

Mehriban Zeynalova bildirib ki, qanun övladlığa götürüldüyünü uşaqdan gizlətməyi qadağan edəcək: “İndiyə qədər övladlığa götürüldüyü uşaqdan gizlədilirdi. Uşaqda “səni dünyaya mən gətirmişəm” fikri formalaşdırılırdı. Bu da müəyyən faciələr yol açırdı. Uşaq kiminsə vasitəsi ilə bunu biləndə psixoloji travma yaşayırdı. İndiki qanunda qeyd olunur ki, uşaq bu barədə məlumatlandırılmalıdır”.

Mehriban Zeynalova övladlığa götürmədə yeni doğulmuş uşaqlara üstünlük verildiyini əlavə edib: “Bizdə daha çox təzə doğulmuş uşaqları övladlığa götürürlər. Məqsəd bu məsələdə məxfilik və gizliliyi təmin etmək idi. Yeni tələblərdən bir də odur ki, uşağa müəyyən yaşdan sonra övladlığa götürüldüyü deyiləcək”.

Mehriban Zeynalova həmçinin yeni qanunda uşaq götürən ailələrin monitorinqinin aparılacağını da bildirib: “Əvvəllər övladlığa götürən şəxsin monitorinqi keçirilmirdi . Yəni, uşaqla hansı formada davranılır, uşaq dərsə gedirmi və ya doğma övladlarla müqayisədə ayrı-seçkiliyə məruz qalırmı və sair kimi suallar cavabsız qalırdı. Övladlığa götürmə məxfi saxlanılır, monitorinq isə demək olar ki, keçirilmirdi.

Monitorinqin keçiriləcəyi çox müsbət haldır. Həmin uşağın özünün rəyinin öyrənilməsi onun normal psixoloji mühitdə böyüməsini təmin edəcək. İndiyə qədər valideyn uşağı seçirdi, indi isə uşaq valideyni seçəcək”.

Mehriban Zeynalova sığınacağına ən çox qohum uşaqlarının övladlığa götürülməsi üçün müraciətlər daxil olduğunu deyib: “Bizə övladlığa götürmə ilə bağlı çoxlu müraciətlər daxil olur. Həmin şəxslərə qanuni yolla övladlığa götürülməni məsləhət görürük. Ən çox qohumlarının uşaqlarının götürülməsi ilə bağlı müraciətlər edirlər. Biz isə bunun əleyhinəyik. Çünki gələcəkdə bacının qardaşla evlənməsi halları baş verə bilər. Ona görə də uşağa bu barədə məlumat verilməlidir. Bu yarana biləcək travmaların qarşısının alınmasıdır.

Statistikaya görə, 7- 9 yaş arası uşaqların övladlığa götürülməsi çox zəifdir. Ailə bildirir ki, onların öz tərbiyə metodu var, 7-8 yaşlı uşağı artıq tərbiyə edə bilməyəcək. Amma Avropada 10-15 yaşda uşaqlar götürülür və onların davranışlarının dəyişilməsi üçün addımlar atılır. Cəmiyyətimizdə “uşaq mənim tərbiyəmlə, mənim davranışımla böyüməlidir” stereotipləri aradan qalxmalıdır.

Biz azərbaycanlılar uşaq sevərik. Övladlığa götürəndə hansısa qəddar münasibət o qədər də qeydə alınmır. Övladlığa götürəndə qanunvericilik valideynin yaşıyla bağlı müəyyən şərtlər qoyur .

Ailənin məsuliyyət hissi məsələsi də var. 50 yaşında valideyndə məsuliyyət hissi zəif ola bilər. İnsanların yaşlaşdıqca maliyyə vəziyyətinin pisləşməsi də mümkündür. Biz kasıb ailələrin əlindən uşağı almırıq. Amma müəyyən şərtlər də yerinə yetirilməlidir “.


Müəllif: İmamət İsmayılova