16 Oktyabr 2019 11:16
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi. Xatırladaq ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında“ Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı. Deməli, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin fikrincə, siyahıya alınmada iştirak etməyənlərin sayı heç də az deyil:

“Xüsusən qeyd etmək lazımdır ki, əhalinin siyahıya alınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır.

Təbii ki, siyahıyaalma zamanı bütün vətəndaşlarımızın prosesdə fərqli səbəblərdən iştirak etməməsi mümkündür. Ancaq əgər həmin dövrdə xaricdə olmayan, evində olan, amma siyahıya alınma ilə müraciət olunmayan vətəndaşlarımızın sayı çoxdursa, o halda bunun araşdırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bu siyahıya alınma Azərbaycanda növbəti illərdə, xüsusən də 2020-ci ildən sonra həyata keçiriləcək iqtisadi siyasətin konturlarını müəyyənləşdirilməsində çox vacib olacaq”.

Vüqar Bayramovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23.2 milyon manat vəsait ayrılıb: “Deməli, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb. Hər bir ailənin qeydiyyata alınmaması isə büdcədən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhələr yaradır.

Hesab edirəm ki, siyahıya almanın təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya siyahıyaalma prosesinin qiymətləndirilməsi və nəticələrinin monitirinq edilməsini həyata keçirirə bilər. Bu baxımdan əhatəlik dairəsi və eyni zamanda siyahıyaalmaya cəlb edilən işçilərin öz öhdəliklərini hansı səviyyədə yerinə yetirməsi məsələlərinin öyrənilməsinə və bununla bağli ictimaiyyətə məlumatın verilməsinə ehtiyac var.

2020-ci ildə “Strateji Yol Xəritəsi”nin birinci mərhələsi başa çatır və növbəti dövrdə Azərbaycanda yeni iqtisadi-siyasi strategiya hazırlanacaq, tətbiq olunacaq. Bu yeni iqtisadi siyasi strategiyanın da 2020-ci ildən etibarən hazırlanması və növbəti illərdə tətbiq olunacağını nəzərər alsaq, siyahıya alınmanın yekunları bu strategiyanın hazırlanması üçün ən vacib göstəricilərdən biri olmalıdır. Siyahıya almanın nəticələrinin etibarlılığının artırılması, prosesdə həm yerli, həm xarici tədqiqat qruplarının, qərarvericilərin daha yaxından iştirakı üçün bu prosesə aydınlıq gətirilməsi və Nazirlər Kabinenti tərəfindən aparılmış işin ayrıca olaraq qiymətləndirilməsi və ictimaiyyətin məlumatlandırılması önəmlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu