17 Noyabr 2019 09:50
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudovla ölkəmizin 2020-ci ildə icbari tibbi sığorta sisteminə keçid, bu prosesdən gözləntilər və bunun tibb personalının əmək haqlarına təsiri mövzusunda söhbət edib.

Müsahibəni təqdim edirik:

- 2020-ci ilin yanvarından Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bəzi narahatçılıqların olduğu haqda fikirlər eşidilir. Siz vəziyyəti necə qiymətləndirirsiniz?

- 2020-ci ilin büdcə layihəsinə baxdıqda görürük ki, ən əsas qərar səhiyyə ilə bağlıdır. Bu il büdcədə əvvəlki illərlə müqayisədə səhiyyəyə ayrılan vəsait 40 faiz artıb. İki il əvvəl səhiyyənin büdcəsi 800 milyon, ötən il bir milyard, bu büdcədə isə 1 milyard 369 milyon manata qədər yüksəlib. Paralel olaraq, icbari tibbi sığortanın ödəmələri çərçivəsində işləyən insanlardan 4 faizə qədər yığılmalar nəzərdə tutulur. Bu tutulmalarla birlikdə səhiyyənin büdcəsinin 2 milyard manata qədər qalxacağı gözlənilir. Sözsüz ki, bu böyük imkanlar yaradır. Bu, icbari tibbi slğortanın tətbiqi üçün dövlət tərəfindən maliyyə dəstəyinin verildiyini göstərir. Səhiyyənin bu reformu sistemli bir işdir, sadəcə maliyyə ilə bağlı olan məsələ deyil. Ona görə də qanunvericilik bazası ilə birlikdə bunun bütün ölkə üzrə tətbiqinin gedişatı haqda bilavasitə bununla məşğul olan insanlar məlumat verə bilərlər. Hamımız bunu səbrsizliklə gözləyirik. Deyilənlərin əmələ çevrilməsi gələcək illərdə davam etdiriləcək. Düşünürəm ki, bu, səhiyyə islahatları ilə bağlı ən mühüm qərar idi ki, 4 il bundan əvvəl cənab prezident tərəfindən ortaya qoyulub. Hesab edirəm ki, hər il bir addım irəliləməliyik və Azərbaycanda hər bir vətəndaşın özünü rahat şəkildə əmanət edəcəyi səhiyyə yüksək səviyyəyə gəlməlidir. Buna ümidimiz çoxdur.

- Müstəqil ekspertlər deyirlər ki, 1-2 milyard maliyyə ilə icbari tibbi sığortaya keçid alınmayacaq, buna azı 4 milyard maliyyə lazımdır. Bu fikirlə nə dərəcədə razısınız?

- Postsovet məkanında SSRİ-dən bir miras qalıb ki, bu, bir müddət tibbin inkişafına zərər verdi. Əlbəttə, dünya təcrübəsində real rəqəmlərə baxanda səhiyyə və təhsilin toplam maliyyəsinin dövlət büdcəsində çəkisi bizim rəqəmlərdən qat-qat yüksəkdir. Söhbət bizim bu gün tibbinə güvəndiyimiz ölkələrdən gedir. Sizə bir rəqəm deyə bilərəm. Bir ölkənin səhiyyə və təhsil büdcəsinin toplamının yüz faiz olduğunu qəbul etsək, bunun i60-70 faizə qədəri səhiyyəyə, 30-40 faizi təhsilə ayrılır. Amma bu gün Azərbaycanda balans belədir ki, vəsaitin 25-30 faizi səhiyyənin, 70 faizi təhsilin payına düşür. Mən fikirlərimin səhv anlaşılmasını arzu etməzdim. Bəzən düşünülə bilər ki, biz bu balansı qorumaq üçün təhsilə ayrılan vəsaitin miqdarını aşağı salmalıyıq. Xeyr. Əgər bizim təhsil büdcəmiz 3 milyard ətrafındadırsa, ölkədə effektiv səhiyyə xidməti qurmaq üçün büdcənin 10-20 faiz üzərinə çıxmaq lazımdır. Əlbəttə, vəsaiti də tapmaq lazımdır. Amma Azərbaycan hökuməti tərəfindən son illər səhiyyəyə ayrılan vəsaiti sürətli şəkildə artıb. Hesab edirəm ki, yaxın gələcəkdə biz qeyd etdiyim dəyərlərə yaxınlaşacağıq və hər adambaşına ortalama 300-500 manat vəsait düşəcək. Bu da ölkə çapında baxdıqda 4-5 milyard vəsaitdir.

Digər tərəfdən, Dünya Bankının Azərbaycan hökumətinin sifarişi ilə ümumi səhiyyə xərcləri və proyektləri ilə əlaqədar hazırladığı sənəd var. Bu sənədə baxanda Azərbaycan üçün verilən ümumi səhiyyə xərclərinin 2 milyard 400 milyon dollar olduğu görülür. Əslində 2 milyard 400 milyon dollar 4 milyard manata yaxın vəsaitdir və bu, 2012-ci ildə hazırlanıb. Yəqin ki, gələcək illərdə ölkəmizdə gedən islahatlarla paralel olaraq, biz bu rəqəmlərə çatacağıq. Amma əmin olun ki, sırf bu rəqəmlərə çatmaq işi həll etmir. Əgər bu gün biz nəzarətsiz bir şəkildə tibbi xidmətin vacib olan digər hissələrini, standartlarımızı, həkim və orta tibb personalını, idarəetmənin səviyyəsini bəlli səviyyəyə gətirə bilməsək 4 deyil, 10 milyard da vəsait ayrılsa, bu xəlbirlə su daşımaq olacaq, ölkə bundan faydalana bilməyəcək. Bütün bunları nəzərə alaraq, mərhələli, planlı, düşünülmüş və sistematik inkişafla səhiyyə xidmətini yüksək səviyyəyə çatdıra bilərik.

- İşləməyən, icbari tibbi sığorta üçün ödəniş edə bilməyən şəxslərin bu xidmətə əlçatanlığı hansı formada olacaq?

- Təqaüdçülər, əlillər, 18 yaşına çatmayan şəxslər və xüsusi imtiyazı olan insanlarla bağlı problem yoxdur. Onların hər biri ilə əlaqədar hökumət büdcədən vəsait ayırır. Problem ondadır ki, ailədə bir nəfər işləyir, amma ona bağlı olan insanlar var. Yəni 40 yaşında insan işləyir və ondan başqa ailəsində heç kim işləmir. Bununla bağlı əlimdə bilgi olmadığı üçün konkret bir söz deyə bilmirəm, amma hesab edirəm ki, bu məsələdə də dünya təcrübəsi əsas kimi götürüləcək. Hər halda hökumətin aidiyyəti qurumları bu suallara cavab taparaq müvafiq addımlar atacaqlar.

- Azərbaycanda həkimlər var ki, gündə 3-4 əməliyyat edir və böyük pullar qazanır. İcbari tibbi sığortanın bu həkimlərin böyük pullar qazanmasına maneə olması narazılıq yaratmayacaqmı?

- Yox, tam əksinə. Dünya standartlarından kənara çıxa bilmərik. İcbari tibbi sığorta sadəcə səhiyyənin maliyyələşmə metodudur. Sabah əməliyyat gedən xəstəxanalara ödənilən məbləğləri vətəndaş deyil, sığorta ödəyəcək. Sığorta ödədikdən sonra xəstəxanalar öz daxili imkanları sayəsində həkim və tibb personalına maaş ayracaq. Amma burada vacib məqam odur ki, icbari tibbi sığorta qiymətlər paketi normal olmaq şərti ilə həyata keçirilsə, bu sahədə kölgə iqtisadiyyatı ortadan qalxar, səhiyyədə ödənilməyən vergilər gün üzü görər. Bu da ölkəmizin inkişafına təkan verər. Mənim inandığım bir şey var. Əlbəttə, hər bir mütəxəssis gördüyü işin qarşılığında daha çox qarşılıq almaq istəyər və bu, normaldır. Amma vergini ödəmək şərtini pozmadan. Vergi ödəməyi şərəf kimi qəbul edən insanların yaşadığı ölkələr daha yüksəkliklərə qalxar. Odur ki, şəffaflıq olmalıdır. Bu mənada heç bir icbari tibbi sığorta ödəmənin qarşısını almır. Əksinə, vətəndaşın rahat ödəmə üsuludur ki, bunu vətəndaş deyil, sığorta ödəyir. Amma miqdarında. Sığorta qiymətləri uyğun olmadığı zaman keyfiyyətin aşağı düşməsi başqa məsələdir. Bu da müzakirə oluna bilər. Yəni qiymət doğru hesablanmayıb deyə şəffaflıqdan kölgə iqtisadiyyatına keçmək doğru hal deyil.

- İcbari tibbi sığortanın tətbiqi həkimlərin əmək haqlarına hansı formada təsir göstərəcək?

- Bununla əlaqədar real vəziyyəti nəticələrdə görəcəyik. Rəsmi qazandıqları rəqəmlərdə ciddi fərq yaranacaq. Amma rayonlarla bağlı bir məsələni nəzərə almalıyıq. Bu gün rayonda 250 manat rəsmi əmək haqqı alan tanınmış həkimin həyat tərzinin baxsaq, görmək olar ki, o, 250 manat deyil, azı bunun 5-10 misli qədər qazanır. Bu bizim həqiqətimizdir. Biz bunu demədiyimiz zaman səhv yola gedəcəyik. Ona görə də bölgələrdə onlara maaş təyin edilən zaman bu məqam nəzərə alınmazsa, bu gələcəkdə həkim sənətinə mənfi təsir göstərə bilər. Odur ki, bu balansın hər incə məqamı doğru hesablanmalıdır. Bunun üçün də zamana ehtiyac var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər