14 Dekabr 2019 13:42
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 12-13 dekabr tarixlərində Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir. Konfransın məqsədi turizm və mədəniyyət sektorları arasında birgə əməkdaşlığın inkişaf etdirilməsi və ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının araşdırılmasıdır. Konfransda Mədəniyyət Nazirliyini Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Teleqraf.com-un məlumatına görə, konfransın açılış mərasimində UNESKO-nun baş direktorunun müavini Xinq Qu, BMÜTT-nin icraçı direktoru Manuel Butler, Yaponiya şahzadəsi Akiko Mikasa və Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm üzrə nazir müavini Hirofumi Kado çıxış etmişdir.

Çıxışlar zamanı müasir dövrdə mədəniyyətin və mədəni irsin rolu, həmçinin turizm məqsədilə səyahət edən insanların mədəniyyət məkanlarını ziyarət etməsi və mədəniyyət məhsullarından istifadə etməsi ilə bağlı birgə proqramların həyata keçirilməsi mövzularında fikirlər səsləndirilmişdir.

Konfrans çərçivəsində keçirilən sessiyalarda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə bağlı məsələlər, eləcə də yaradıcı sənayelərin rolu və inkişaf etdirilməsi, səhayət edən insanlar üçün ölkələrin yaradıcı sənaye və mədəni irs məhsullarının zənginləşdirilməsi mövzuları müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, müasir dövrdə mədəni turizm bu prosesdə əsas rol oynayır.

Səfər çərçivəsində Vasif Eyvazzadə UNESKO-nun baş direktorunun müavini Xinq Qu, təşkilatın sabiq baş direktoru Koiçiro Matsuura və bir sıra ölkələrin nümayəndələri ilə Azərbaycanda mədəniyyət və mədəni irs, həmçinin yaradıcı sənayelər sahələrində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparmışdır.

UNESKO-nun baş direktorunun müavini Xinq Qu ilə həmçinin “Bakı Prosesi”, Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu müzakirə edilmişdir. Xinq Qu qeyd etmişdir ki, o, 2018-ci ildə Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və Bakıdan xoş təəssüratlarla ayrılmışdır.


Müəllif: Teleqraf.com