Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirəcək.
Teleqraf.com xəbər verir ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatır və bundan sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və "Namizədin imtahana buraxılış vərəqəsi"ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Xatırladaq ki, imtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim ediləcək:
• Oxuyub-anlama bloku;
• Dinləyib-anlama bloku;
• Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);
• Yazı bloku (esse yazısı).
Namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.
İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır. İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.
Qeyd edək ki, 1382 namizəd ingilis dili, 61 namizəd fransız dili, 61 namizəd alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 35 namizəd isə xarici dil imtahanından azad olunub.