28 Yanvar 2020 09:32
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siqaretin orqanizmə vurduğu ziyan saysız-hesabsızdır. Siqaret tüstüsündə 4800-dən çox toksiki və kanserogen maddələr var. Nəfəs aldıqa bu toksinlər ağciyərlər tərəfindən sovurularaq orqanizmə yayılır. Tütün istifadəsi yalnız tənəffüs xəstəlikləri, ürək-damar problemləri və ya xərçəng riskini artırmır. Qanın oksigen daşıma qabiliyyətini azaltmaqla və damar quruluşunu pozmaqla bədəndəki bütün orqanlara və toxumalara ziyan vurur.

Bu zərərli vərdişin gənc aludəçilərindən biri olan Cavid Babayev siqaretdən necə xilas olduğu barədə Teleqraf.com-a danışıb.

- İlk dəfə nə vaxt siqaret çəkdiniz?

- 9-cu sinifdə oxuyurdum, stadionda dostlarımla əyləşmişdik. 10 nəfərlik kollektivdə yeganə siqaret çəkməyən mən idim. Mühitin diqtəsinə uydum, o vaxtdan 6 il siqaretlə dostluq elədim.

- Ailənizin buna necə reaksiya verdi?

- Ailəm bu barədə heç nə bilmirdi. Hər zaman ehtiyatlı olmağa çalışırdım. Cibimdə siqaret və ya alışqanla evə getmirdim. Bir il əvvəl şübhələnmişdilər, onda da inkar etdim. Heç kim övladının belə bir asılılığının olmasını istəməz.

- Siqaret asılılığına gətirən səbəblər nə idi?

- Problemləri deyə bilərəm. Təbii ki, 15 yaşında oğlanın həyatında nə problem ola bilər sualı yaranır. Ailə məsələləri, içərisində olduğum mühit mənə təsir göstərirdi. Əsəb və stress çoxaldıqca siqaretə həvəsim gücləndi. Hiss edirdim ki, siqaretlə sakitləşirəm. Əslindəsə özümü buna inandırırdım.

- Əvvəllər siqaretdən imtina etmək istəmisinizmi?

- Dəfələrlə. Amma bacarmırdım. Siqaretə ən çox 2 həftə fasilə vermişəm. Özümlə bacara bilmədiyimə görə yenidən çəkməyə başlayırdım. Adətən, gün ərzində 10 ədəd çəkirdim. Sutkada üç qutu da çəkdiyim olub.

- Bəs necə oldu ki, siqaretdən uzaqlaşmağı qərara aldınız?

- Mən aktiv həyatı sevən biriyəm, daim sosiallaşmağa, yeni insanlar tanımağa çalışıram. Diqqət edim ki, normal aktiv həyatım korlanır. Əvvəlki kimi sürətlə yerimirəm, təngənəfəslik, yoxuşda əziyyət və soyuqdəymədən sonra öskürəyin keçməməsi kimi hallar məni narahat etməyə başladı. Bu il yenidən cəhd etdim və ən yaxın dostuma söz verdim. Hazırda yanımda çəkən olsa belə ürəyim siqaret istəmir. Səhhətimə vurduğu ziyanları düşünürəm.

- Siqaret sizə nə verdi?

- Əksinə, məndən aldı... Bir qutu siqareti çəkmək üçün minimum bir saat sərf olunur. Həmin vaxtı mütailə ilə də keçirmək olar. Siqaret təkcə bədəni yox, insanı mənəvi olaraq da qocaldır. Nikotin insanın hərəkətlərini azaldan vasitədi. Ətrafa qarşı kar-kor olurdum. Getdikcə vecsiz birinə dönürdüm.

- Neçə qədər müddətdir siqaret çəkmirsiz və özünüzdə nə kimi dəyişikliklər hiss edirsiz?
- 3 aydan çoxdur siqaretdən imtina etmişəm. Əksəriyyət siqareti atdıqdan sonra dadbilmə qabiliyyətinin yaxşılaşdığını deyir. Fikrimcə, bunlar boş fərziyyələdir. Psixoloji olaraq özünü buna inandıranlar var. Hətta deyirdilər ki, siqareti sinənə almasan, ağız xərçəngi olarsan. Bu cümlə sənin ağciyərlərini korlamağa xidmət edir.

- Siqaretdən imtina etmək istəyənlərə tövsiyəniz nədir?

- Siqaretdən xilas olmaq üçün təkcə addım atmaq kifayət deyil. Mən üç dəfə imtina etmək istəmişəm, dördüncüdə alınıb. Hər alınmadıqda bir ay sonra yenidən cəhd edirdim. Bir gün mütləq alınacaq. Siqaretdən uzaqlaşanları ələ salanlardan biri də mən olmuşam. “İki gün sonra yenə başlayacaqsan” deyib, insanları həvəsdən salmayın.
Yemək yeyəndən sonra mütləq siqaret çəkmək kimi vərdişim də vardı. İndi bu vərdişdən qurtulmuşam. Bu, iradə məsələsidir. Əgər nəyisə 21 gün müddətində icra edirsinizsə, bu, vərdiş halını alır.

Siqaret çəkənlərin hamısının "təşəkkür edirəm, çəkən deyiləm" deyəcəyi günü görmək istərdim.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər