Ötən ilin dekabr ayından bəri Çində yayılmağa başlayan koronavirus artıq qlobal problemə çevrilir. Bu, tək Çini yox, Çinlə əlaqəsi olan istənilən ölkəni narahat edir. Təsadüfi deyil ki, müxtəlif ölkələr bu istiqamətdə qabaqlayıcı addımlar atmağa başlayıblar.
Bir sözlə, hazırda Çinlə bağlı istənilən obyekt, mal, ərzaq insanlarda şübhə yaradır.
Bəlli olduğu kimi, Bakıda milli mətbəximizlə yanaşı, Çin mətbəxini təmsil edən restoranlar da fəaliyyət göstərir. Virus yayıldıqdan sonra bu restoranlara üz tutanlarda tərəddüdlərin olması təbiidir .
Teleqraf.com hazırda Çin restoranlarında müştəri axını, ərzaqların haradan gətirilməsi ilə bağlı məqamları araşdırıb.
İlk olaraq əhali arasında sorğu keçirdik. Sakinlərin əksəriyyəti bu restoranlara üz tutmaqdan ehtiyat etdiklərini bildirdilər. Bunun əsas səbəbinin bəzi ərzaqların məhz Çindən idxal olunmasını göstərdilər. Sorğu zamanı Çin mətbəxindən imtina etmək istəməyənlərə də rast gəldik.
Müsahibimiz Səbinə Ağazadə bu təamlardan yenicə daddığını qeyd etdi. Deyir ki, bu məsələdə heç bir narahatlığı yoxdur: "Çin yeməklərini çox sevirəm. Azı həftədə bir dəfə bu mətbəxə üz tuturam. Ən sevdiyim yemək tərəvəzli “Lo han”dır. Demək olar ki, şəhərimizdəki bütün Çin restoranlarında olmuşam. Fikrimcə, virusun ölkəmizdə yayılma ehtimalı olsaydı, ən azından yoluxma əlamətləri üzə çıxardı".
Əhalinin fərqli cavablarını dinlədikdən sonra üz tutduq şəhərimizdəki Çin restoranlarına. Qeyd etməliyik ki, xarici mətbəx olmasına baxmayaraq, şəhərimizdə kifayət qədər Çin restoranları fəaliyyət göstərir. Bu müəssisələr əsasən insanların sıx toplaşdığı Fəvvarələr meydanı, 28 May metrostansiyasının ətrafı, Statistika Komitəsi kimi ərazilərdə yerləşir.
Mövzunun virusla bağlı olduğunu öyrənən bəzi restoran rəhbərləri danışmaqdan imtina etdilər. Telefon zəngi ilə yanaşı, qapını üzümüzə bağlayanlar, mövzunu önəmsiz hesab edənlər də oldu. Bu isə bizdə daha çox suallar yaratmağa başladı.
Ümumillikdə, şəhərdə fəaliyyət göstərən 20-yə yaxın restoranın 9-na baş çəkdik. Bu restoranların bəziləri sırf Çin, bəziləri isə Çin və yapon mətbəxinə məxsus yeməklər hazırlayırlar.
Bir neçə müəssisə gəzdikdən sonra, nəhayət, restoranlardan biri söhbətə razı oldu. “Great Wall Chinese Restaurant” 28 May ərazisində yerləşir. Məkana daxil olduqda çinli işçilərin azərbaycanca salamlaşması insanda xoş təəssürat yaradır. Dekorasiyalar elə hazırlanıb ki, Çinə getməyən biri burada özünü həmin Asiya ölkəsində hiss edə bilər. Restoran 15 ilə yaxındır Azərbaycanda yaşayan çinli sahibkara məxsusdur.
Bir neçə masada qonaq vardı. Müəssisənin inzibatçısı Tural Həsənov restoranın fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqların demək olar ki, hamısı yerli məhsullardır: "Menyuda yalnız Çin yeməkləri olsa da, ərzaqlar Azərbaycan bazarlarından alınır. Yeməkləri çinli aşpazlar hazırlayırlar. Əsasən ət və toyuq məhsullarından hazırlanan yeməklər üstünlük təşkil edir. Dəniz məhsullarını isə bu işlə məşğul olan xüsusi şirkətlərdən alırıq. Yalnız soya sousu və acı sous Çindən gətirilir".
Tural Həsənovun sözlərinə görə, virus haqqında yayılan məlumatlar restorana gələn müştəri sayına təsir göstərməyib: "Gündəlik olaraq müştəri axını davam etməkdədir. Təkcə bu gün 40 nəfərlik komandanı yola salmışıq. İndinin özündə də müştərilərimiz var".
Restoran təmsilçisi bildirdi ki, hazırda yerli müştərilər üstünlük təşkil edirlər: "Adətən, yerli və xarici müştərilərin sayı bərabər olur. Yerli müştərilərimiz arasında azərbaycanlılar daha çoxdu. Çindən aviareyslər bağlandığına görə ölkəmizdə olan səfirliklərin işçiləri də daxil olmaqla əksəriyyət buraya üz tutur".
Məkanı tərk etdikdən sonra axtarışlara davam etdik. Fəvvarələr meydanındakı restoranda daha çox xarici qonaqların olması diqqətimizi çəkdi. Yerli sahibkara məxsus restoranda çinli işçilər də fəaliyyət göstərirdilər.
Müəssisənin adminstratoru bildirdi ki, virus haqqında yayılan xəbərlərin işlərinə təsiri olmayıb: “Restoranımız fəaliyyətini davam etdirir. Qonaqlarımız heç nədən qorxmur və bizə etibar edirlər. Ərzaqlarımızı yerli bazardan əldə edirik. Gündəlik olaraq müştəri axını davam edir. Bizim qonaqlarımızın əksəriyyəti xarici müştərilər olur”.
Restoran təmsilçiləri qidaların yerli məhsullardan hazırlandığını və təhlükənin olmadığını bildirsələr də, mütəxəssislər fərqli mövqedədi.
Bundan başqa, Səhiyyə Nazirliyi əhalini Çin restoranlarından uzaq durmağa çağırır. Nazirlikdən bildirilir ki, koronavirus lokolizasiya olunub, geniş araşdırma aparılana qədər bu restoranlara getmək məsləhət deyil.
Qida Təhlükəsizliyi Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükənin olmaması barədə məlumat verildikdən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər.