10 Aprel 2020 11:55
5 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çay və qəhvə əvəzedilməz isti içkilərimizdəndir. Dünyanın 70-dən çox ölkəsində kofe yetişdirilir. Daha çox kofe içən ölkələri nəzərə alsaq bura Avropa ölkələrindən Finlandiya, İsveç, Danimarka, Hollandiya daxildir. Bu dəfə sevimli içkimiz olan qəhvənin faydalı və zərərli tərəflərindən danışacağıq.

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

- Qəhvənin faydaları nədir?

- Onun tərkibindəki kofein maddəsinin hesabına orqanizmə bir çox faydası var. Kofein qəhvə içildikdən sonra 15 dəqiqə ərzində orqanizmə təsirini göstərir. Qan dövranını sürətləndirir, beyinə siqanalların tez ötürülməsi nəticəsində özümüzü daha gümrah, enerjili hiss edirik. Bu zaman kofeindən asılılıq yaranır. Davamlı istehlak edən insanlar qəhvə içmədikdə kofeindən qaynaqlanan enerjini, gümrahlığı itirmiş olurlar.

Yaddaşı gücləndirir, bunu əsasasən yaşlı insanlara ayırd etmək olar. Bəzən alzaymer xəstəliyinin müalicəsi zamanı da həkimlər tərəfindən yaşlı insanlara kofedən istifadə etmək məsləhət görülür.

Qaraciyər xəstəliyi riskini azaldır, infarktın qarşısını alır, bronxial astma xəstəliklərində faydaları var. Kişilərdə cinsi istəyi artırır, spermalarda hərəkətliliyi təmin edir. Onların sayını və sürətini artırır. İmmuniteti gücləndirir. Metobolizmanı gücləndirir.

- Təbii ki, faydaları olduğu qədər zərərləri də var. Kimlərə qəhvə içmək olmaz?

- Mütləq şəkildə hər insanın qəhvədən istifadə etməsi məsləhət deyil. Qəhvədən istifadə etmək B1, B6, kalium, kalsium, maqnezium kimi vacib vitaminləri yuyub aparır. Kalsiumun azlığı diş çürüməsinə, sümüklərin əriməsinə gətirib çıxarır. Qadınlarda yumurtalıqların funksiyasını həddindən artıq zəiflədir. Hamilələrdə qan dövranını sürətləndirdiyi üçün hamiləliyin ilkin həftələrində düşük riski yaranır. Son həftələrində isə doğuşun vaxtından əvvəl baş verməsinə səbəb ola bilər.

Sidikqovucu təsirə malik olduğundan böyrək xəstəliyi olan insanlara istehlak edilməsi məsləhət görülmür. Arterial təzyiqin yüksəlməsinə səbəb olduğu üçün yüksək təzyiqi olan insanlara məsləhət görülmür.

Mədədə turşuluğu artırdığı üçün qastrit, mədə-bağırsaq problemi olan xəstələrə tövsiyə edilmir. Qəhvədən asılılığı olan insanlarda baş ağrısını aradan qaldırsa da, miqren xəstəliyi olanlarda baş ağrılarına səbəb olur. Şəkərli diabet xəstələrinə qəhvədən istifadə etmək olmaz.

- Qəhvəyə əlavələrin edilməsi keyfiyyətinə təsir edirmi?

- Əsasən zövqə görə şəkər, süd, qaymaq və digər əlavələrdən istifadə edilir. Bunlar qəhvənin tərkibinə və keyfiyyətinə tam olaraq təsir etmir. Lakin orqanizmin həddindən artıq kalori qəbul etməsinə səbəb olur.

- Uşaq yaşlarından bu içkiyə meyilli olanlar da var. Burada bir məhdudiyyət varmı?

- Uşaqlara qəhvə məsləhət görülmür. Onlar bunu içdikləri zaman beyin hüceyrələrinin sayı azalır. Sinir hüceyrələrini demək olar ki, məhv edir. Eyni zamanda yuxusuzluq problemlərinə səbəb olur. Sidikqovucu olduğuna görə gecə yerlərini islatmaq kimi problemlər yaradır. Uşaqların böyüməsinə, inkişafına mənfi təsirt göstərir.

- Gün ərzində nə qədər qəhvə içmək olar?

- Bir fincan qəhvə içmək beyin fəaliyyətini gücləndirir. Depressiya hissini azaldır, metobolizmanı gücləndirir. Ciddi sağlamlıq problemi olmayan insanlara 2 fincan qəhvə içməyin zərəri yoxdur. Bu içkini səhər və günorta saatlarında istehlak emək tövsiyə olunur.

3-4 fincandan artıq qəhvə içən insanlar ürəkbulanma, mədə turşuluğunun artması, qanda şəkərin artması, xolestrinin yüksəlməsi, ürək ritminin pozulması, yuxusuzluğun artması kimi xəstəliklərlə rastlaşa bilərlər.

Ürək problemi olan insanlar qədərindən artıq kofe içdikdə iflicə qədər gətirib çıxara bilir. 12 yaşdan yuxarı kəslərə gün ərində 35 mq qəhvə vermək olar. Hamilələrdə hamiləlikdən əvvəl asılılıq varsa, eyni zamanda süd verən analar maksimum 200 mg qəhvə içə bilərlər. Digər insanlara isə 350-400 mq-dan artıq qəhvə istehlak etmək tövsiyə olunmur.

- Keyfiyyətli qəhvəni necə ayırd edə bilərik?

- Qəhvənin keyfiyyətini ayırd etmək istehlakçılar üçün çətin prosesdir. Keyfiyyətli olmasında qurudulması çox önəmlidir. Qəhvə meyvələri qısa müddətdə çürüyür, bu səbəbdən onların qurudulma prosesi nəzarətdə saxlanılmalıdır. Qovrulma üsulu çox önəmlidir, təzə qovrulmuş olması vacibdir.

Bu proses üç yerə bölünür. Layt, medium və dark olaraq. Layt üsulunda qəhvə çox az qovrulur və dadında turşuluq qədərindən artıq hiss olunur. Medium üsulunda turşuluq nisbətən az olsa da, dark üsulunda bu, hiss olunmur. Qəhvənin dadı tam olaraq hiss olunduğu üçün dark üsulu ilə qovrulmuş qəhvə insanların sevimli seçimdir.

- Birdəfəlik istifadə üçün nəzərdə tutulan qəhvələri tövsiyə edirsinizmi?

- Üçü birində, şəkərli, südlü kimi birdəfəlik istifadə üçün nəzərdə tutulan qəhvə paketlərindən istifadəni tövsiyə etmirəm. Onların tərkibində qəhvə yox dərəcəsindədir. Bu məhsullar kimyəvi qatqılar və dadlandırıcılardan ibarətdir. Mədə-bağırsaq sisteminin fəaliyyətini tamamilə pozur. Bu problemlər gənc yaşlarda özünü biruzə verməsə də, yaş artıqca öz təsirlərini göstərir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər