Dövlət İmtahan Mərkəzi tərəfindən sabah cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilir.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda keçirilir.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.
Bu gün keçirilən imtahanlarda 19197 nəfər abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, növbəti imtahan isə avqustun 14-də keçiriləcək. Bu imtahanlarda isə 18102 nəfər iştirak edəcək. Ümumilikdə iki gün ərzində keçiriləcək imtahanlarda 37299 abituriyentin iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.