25 Avqust 2020 19:08
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov mənim əmim oğludur. Lakin o, qanun çərçivəsində həbs olunubsa, günahları varsa, qanun qarşısında cavab verməlidir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Həsən Cəfərov deyib.

“ Əlbəttə, rüşvətxorluğa da, korrupsiyaya da mənim münasibətim həmişə mənfi olub. Dövlətimizin də bu sahədə keçirdiyi tədbirləri, gördüyü işləri təqdirəlayiq hesab edirəm. Yəni cəmiyyətimiz üçün xeyirli olmayan, ziyanlı bir vərdişlərin kökü kəsilməlidir. Münasibətim ancaq belə ola bilər. Əmim oğlu olsa da, qanunazidd hərəkətlər edibsə, qanun qarşısında da cavabını alacaq. Vəzifəsindən sui-istifadə edən, qanunsuzluqlar edən, rüşvət alanların hamısı cəzasını çəkməlidir. Qanun qarşısında hamı bərabərdir”, - H.Cəfərov bildirib.

Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər