23 Oktyabr 2014 19:45
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafael Hüseynov: “Milli Elmlər Akademiyası qeyri-hökumət təşkilatıdır”

““Yaradıcılıq təşkilatları (ittifaqları) və yaradıcı şəxslər haqqında” qanunun müzakirələrə çıxarılaraq qəbuluna ciddi ehtiyac var. Mədəniyyət Azərbaycanı dünyada ən yüksək səviyyədə təbliğ edib, tanıda bilir. Ona görə də mədəniyyətin ayrı-ayrı sahələri ilə bağlı ayrıca sahəvi qanunlar olmalıdır. Məlumdur ki, yaradıcı təşkilatlar iki cürdür. Biri dövlətin vaxtilə yaratdığı, dövlətin dəstək göstərdiyi və ənənəsi olan yaradıcı təşkilatlar, məsələn, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və biri də əsasən müstəqillik illərində, son dövrlərdə yarananlar. Hesab edirəm ki, bunlar bir-birindən fərqləndirilməli və ənənəsi, tarixi olan yaradıcı təşkilatların hər birinə dövlət tərəfindən daim dəstək olmalıdır. Düzdür, onlar da mahiyyəti etibarı ilə qeyri-hökumət təşkilatlarıdır, sərbəstdirlər, müstəqildirlər, ancaq onlar digər qeyri-hökumət təşkilatlarından fərqli olaraq, tarixi, ənənəsi olan təşkilatlardır. Milli Elmlər Akademiyası da qeyri-hökumət təşkilatıdır. O mahiyyət etibarı ilə yaradıcı təşkilatdır. İndi onu da buraxaq? Axı, biz bunları uzun illər öncə minbir əziyyətlə yaratmışıq, güc-bəla ilə qoruyub saxlamışıq. Hamısı tarixin bizə bağışladığı töhfələrdir. Onlara qayğı mütləq səviyyədə olmalıdır və bu baxımdan hesab edirəm ki, sözügedən qanunun qəbuluna ciddi ehtiyac var”.

Bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Deputat “Kinematoqrafiya haqqında” qanunundan da danışıb: “Şəxsən mən də belə hesab edirəm ki, həmin qanunun tamamilə yeniləşdirilməsi, dövrün, zamanın reallıqlarına uyğunlaşdırılması lazımdır. Bunlara da ciddi ehtiyac duyulur. Özü də düşünürəm ki, kinoya olan, bundan sonra ediləcək imtiyazların çoxusu da məhz bu Kinemotoqrafçılar İttifaqının vasitəsilə gerçəkləşməlidir. Çünki çoxlu özəl, müstəqil kino qurumları yaranıb, ayrı-ayrı studiyalar var, fəaliyyət göstərirlər. Təbii ki, onlara da mütləq qayğı göstərilməlidir və bu məsələdə qonşu ölkələrin, məsələn, Gürcüstanın, həmçinin, Ukraynanın, Belorusun, digər respublikaların təcrübəsinə baxmaq lazımdır. Kinomuz az qala dünya kinosu ilə yaşıddır, Azərbaycan kinosunun yaxşı ənənələri də var.

Baxmayaraq ki, dünya festivallarında, nüfuzlu müsabiqələrdə təmsil olunan ayrı-ayrı filmlərimiz də var. Ancaq deyə bilmirik və bilmərik ki, bizim kinomuz bu saat yüksək bir səviyyədədir. Belə demək mümkünsə, futbolumuz dünya arenasında, dünyanın böyük futbolu ilə müqayisədə hansı vəziyyətdədirsə, kino da o cür vəziyyətdədir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər