28 Yanvar 2021 16:19
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinə dair müraciət yayıb.

Teleqraf.com müraciətin mətnini təqdim edir:

“Yanacaqdoldurma məntəqələri insanların tez-tez istifadə etdikləri məkandır. Burada onlar nəqliyyat vasitələrini yanacaqla təmin edir, bəzən isə qəlyanaltı üçün dayanırlar.

Bildiyimiz kimi, neft və qaz məhsulları kiçik bir qığılcımdan asanlıqla alışa bilir. Ona görə də bu məntəqələrdə yanğın və ya partlayış hadisəsinin baş verməməsi üçün müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün obyekt rəhbərləri və işçi heyəti ilə mütəmadi görüşlər keçirir, onları yanğın təhlükəsizliyi sahəsində maarifləndirir, aidiyyəti şəxslər tərəfindən təlimatlandırma tədbirlərinin vaxtaşırı həyata keçirilməsinin zəruriliyini onların nəzərinə çatdırır. Yanacaqdoldurma məntəqələrində olarkən bəsit, amma həyat və sağlamlığımız üçün ciddi əhəmiyyət kəsb edən aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

- avtomobillər istisna olmaqla, motosikletlər yanacaqpaylama kolonkasına mühərriki söndürülmüş vəziyyətdə yaxınlaşmalı, onların mühərrikinin söndürülməsi və işə salınması kolonkalardan 15 metrdən az olmayan məsafədə icra edilməlidir;

- baş verə biləcək fövqəladə hadisə zamanı hər bir nəqliyyat vasitəsi üçün yanacaqdoldurma məntəqəsinin ərazisindən manevr etmə və çıxma imkanı təmin edilməli, bunun üçün yol səthinə xüsusi işarələr və ya digər göstərici nişanlar yerləşdirilməli, yanacaqpaylama kolonkasına yaxınlaşmaq üçün növbədə dayanan avtomobillərarası məsafəyə (1 metrdən az olmayaraq) riayət edilməlidir;

- mühərriki işə salınmazdan əvvəl avtomobillərin, motosikl və skuterlərin neft məhsulları ilə çirklənmiş hissələri silinməlidir;

- yerə tökülən neft məhsulları qumla örtülməli, hopdurulmuş qum və yağlanmış təmizləyici materiallar qığılcım əmələ gəlmə təhlükəsini istisna edən, qapaqları kip bağlanan metal qutulara toplanmalı və iş gününün sonunda məntəqənin ərazisindən çıxarılmalıdır.

Yanacaqdoldurma məntəqələrinin ərazisində qadağandır:

- açıq oddan istifadə edilməsi;

- nəqliyyat vasitələrinin mühərriki işlək vəziyyətdə olarkən yanacaqla doldurulması;

- tufan və ya atmosfer boşalmaları ehtimal olunduqda yanacağın rezervuarlara boşaldılması və istehlakçıların nəqliyyat vasitələrinin çənlərinin doldurulması;

- yanacaqla çirklənmiş və qığılcıma səbəb ola biləcək geyim və ayaqqabılarda iş görülməsi;

- sərnişinlərin olduğu avtobus, yük və ya digər xüsusi texnikanın yanacaqla doldurulması;

- partlayıcı maddələr, sıxılmış və mayeləşdirilmiş yanacaq qazları, yana bilən mayelər və materiallar, zəhərli və radioaktiv maddələr yüklənmiş nəqliyyat vasitələrinin yanacaqla doldurulması;

- qığılcımsöndürənlə təchiz olunmayan traktorların məntəqənin ərazisinə daxil olması”, - məlumatda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər