4 Fevral 2021 23:13
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının Ali Nümayəndəliyinin Dünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirdiyi "Beynəlxalq İnsan Qardaşlığı Günü: Gələcəyə Bir Yol" adlı xüsusi tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, BMT Sivilizasiyalar Alyansının, Misirin və Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəliklərinin və İnsan Qardaşlığı Ali Komitəsinin təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli tədbir BMT-nin baş katibi Antonio Quterreşin müraciəti ilə açılıb.

Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edən tədbir “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”ndəki prinsip və dəyərləri təşviq edən, onun davamlı sülhə aparan yol kimi tətbiqinə dair ən yaxşı təcrübələri araşdırmaq imkanı verən interaktiv panel formatında öz işini davam etdirib.

Videokonfransda zati-müqəddəsləri Papa Fransisk ilə Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib həzrətlərinin tədbir iştirakçılarının ünvanına müraciətləri səsləndirilib.

Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edib. BMT qurumlarının dini təşkilatlarla birgə dinlərarası harmoniya və xoşməramlılıq mesajlarını dünya miqyasında bəyan etməsini və bu dəyərləri bərabər səylərlə təşviq etməsini mənəvi baxımdan Bir Olan Uca Yaradanımıza xoş gedən əməl kimi dəyərləndirən QMİ sədri BMT-nin 4 fevral tarixinin Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd olunması haqqında qərarını alqışlayıb. Zati-müqəddəsləri Papa Fransisk ilə Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib həzrətlərinin Əbu-Dabidə 2019-cu ildə “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”ni imzalamasını tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirən Şeyxülislam Allahşükür Paşazadə bu sənəddən irəli gələn məqamların həyata keçirilməsinə nümunə kimi 2019-cu il Dünya Dini Liderlərinin II Bakı Sammitinin Yekun Sənədinə bununla bağlı xüsusi bəndin daxil edilməsini qeyd edib.

QMİ sədri öz çıxışında bəşəriyyəti COVID-19 bəlası qədər təhdid edən digər problemlərdən birinin də nifrət çağırışları olduğuna diqqəti yönəldib. Bütün qanlı toqquşmaların, kütləvi cinayətlərin bünövrəsində dayanan, insan qətlinə çağıran, rasizm, ksenofobiya, diskriminasiyaya təhrik edən nifrət çağırışlarının Uca Yaradan qarşısında böyük günahlardan olduğunu vurğulayan dini lider Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası naminə müharibə və münaqişələrə səbəb olan nifrət çağırışlarına qarşı səyləri birləşdirməyə, birgə mübarizə aparmağa çağırış edib.

BMT Sivilizasiyalar Alyansının bəşəri sülh və qarşılıqlı anlaşma istiqamətində səylərini önəmli sayan QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin bütün tədbir iştirakçılarına, xüsusilə, Alyansın yüksək nümayəndəsi Moratinosa salamlarını çatdırıb. Qeyd edib ki, Azərbaycan 44 gün davam edən Vətən müharibəsi müddətində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini işğaldan azad etdi. Bu dövrdə problemin sülh yolu ilə ədalətli nizamlanması məsələsini diqqətdə saxladığına görə Moratinosa xalqımız adından minnətdarlığını bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlətinin Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi ilə Qarabağda erməni işğalının acı nəticələrini aradan qaldırmaq, orada məhv edilmiş dini-mədəni abidələri bərpa etmək, vandalizmlə üzləşmiş ümumbəşəri əhəmiyyət kəsb edən tarixi, mədəni, mənəvi irs nümunələrini dirçəltmək əzmi barədə tədbir iştirakçılarını məlumatlandırıb. QMİ sədri bu gün də regionumuzda bəzi siyasi və dini liderlərin ritorikasında nifrətə çağırış təzahürlərinin mövcudluğunu təəssüf hissi ilə qeyd edib və bu təhlükəli meyillərin dünya birliyi tərəfindən nəzərə alınaraq qınanmasının vacibliyini vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizin dinlərarası və sivilizasiyalararası dialoq prosesinin fəal təşəbbüskarı və iştirakçısı olduğunu, Azərbaycanda mövcud bütün dini konfessiyalar arasında nümunəvi qarşılıqlı etimad və ehtiram ənənəsinin bizə qlobal müstəvidə bu istiqamətdə fəaliyyətlərdə yaxından və səmərəli iştirak etmək imkanı verdiyini ifadə edib. O, dinlərarası dialoq və əməkdaşlıq, konfessiyalararası anlaşma istiqamətində ardıcıl səy göstərən Qafqaz Müsəlmanları İdarəsinin BMT Sivilizasiyalar Alyansının layihə və təşəbbüslərinin reallaşmasına töhfə verməyə hazır olduğunu bəyan edib.

Tədbirdə BMT Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anxel Moratinos, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Misirin BMT-dəki daimi nümayəndəsi Mohamed Fathi Ahmed Edrees, BƏƏ-nin BMT-də daimi nümayəndəsi xanım Lana Zaki Nusseibeh, İnsan Qardaşlığı Ali Komitəsinin baş katibi Qazı Məhəmməd Əbdül-Salam, habelə BMT-yə üzv dövlətlərin dini liderləri, dini təşkilat və qurumların nümayəndələri, o cümlədən "Dinlər Sülh uğrunda" beynəlxalq təşkilatının baş katibi Azza Karam, Fransa Mitropoliti Emmanuel, Qlobal Dinlərarası Alyansın baş katibi Sadhvi Bhaqavati, ABŞ-dakı Park İst Sinaqoqunun baş ravvini Artur Şnayer, Beynəlxalq Multikultural Əməkdaşlıq Akademiyasının prezidenti Odri Kitaqava, Milşteyn Dinlərarası Dialoq Mərkəzinin direktoru Ravvin Barton Visotski və başqaları çıxış ediblər. Çıxış edənlər 4 fevral - Beynəlxalq İnsan Qardaşlığı Gününün xüsusi qeyd edilməsini yüksək dəyərləndiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər