Fevralın 16-da Kiyevdə Qarabağ həqiqətlərinə həsr olunmuş və Ukrayna dilinə tərcümə edilmiş “Bayraqdar” kitabının təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə nəşr edilən kitabın Kiyevin tanınmış Aktyor Evində keçirilən təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatları, Ukrayna Prezident Ofisinin və Ali Radasının nümayəndələri, tanınmış yazıçılar, ictimai xadimlər, diaspor rəhbərləri, ali məktəblərin tələbələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək bildirib ki, kitabda tanınmış və gənc yazıçıların miqyasına görə fərqli əsərləri var. Ancaq bu əsərlərin əsas mahiyyəti və ideyası birdir - Qarabağ üçün ağrı, təcavüzkarların törətdikləri vəhşiliklərə küskünlük, ata evinə həsrət qalmaq, onların bu həsrətə dözməməsi. Həmçinin bütün bunların fonunda sonda yaranan ümid işığı.
“Bu gün sevinclə deyə bilərik ki, işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun hamısı yenə bizimdir. Ancaq separatçılar yenə də məhv edilmiş status məsələsini canlandırır, mədəni irslə bağlı spekulyasiya edir, minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırırlar. Xaricdə yaşayan ermənilər intiqamı alovlandıran şüarlarla çıxış edirlər”, - deyə səfir bildirib.
Elmira Axundova xatırladıb ki, Prezident İlham Əliyev azad edilmiş bölgələrə səfəri zamanı dediyi kimi, artıq həyata keçirilməyə başlayan regional nəqliyyat layihələri uzunmüddətli inkişaf, sabitliyin təmin edilməsi və müharibə riskini sıfıra endirmək üçün mühüm rol oynayır. Bütün bu illər ərzində obyektiv səbəblərdən enerji və nəqliyyat layihələrindən kənarlaşdırılan Ermənistan da daxil olmaqla, bölgənin bütün ölkələri bundan faydalanacaq. “Qarabağı təchiz edəcəyik, qaçqınları oraya qaytaracağıq və bölgəni yenidən çiçəklənən bir diyara çevirəcəyik. Bunun açarı Azərbaycan xalqının bu gün qeyd-şərtsiz etibar etdiyi Liderlə, Prezident İlham Əliyevlə həmrəyliyidir”, - deyə diplomat qeyd edib.
Sonra tədbirdə kitabdakı əsərlərin müəllifləri olan Xalq yazıçısı Elçin və tanınmış yazıçı Məmməd Orucun tədbir iştirakçılarına təşəkkür məktubları oxunub.
Daha sonra çıxış edən Ukrayna Yazıçılar Birliyinin Baş katibi Mikolay Qritsenko bildirib ki, “Bayraqdar” kitabı Ukrayna cəmiyyətində Qarabağ müharibəsi haqqında həqiqətləri aşılamaqda öz dəyərli töhfəsini verəcək. Son vaxtlar Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən Ukrayna dilinə tərcümə edilərək çap olunan kitabların sayının artmasını müsbət qiymətləndirən Mikolay Qritsenko deyib ki, bütün bunlar xalqların mədəniyyətini, ədəbiyyatını, reallıqlarını tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.
Ukraynanın məşhur yazıçısı Dmitriy Stus çıxışında bildirib ki, Qarabağ həqiqətlərindən bəhs edən bu kitab Ukrayna ədəbiyyatında ilkdir. O vurğulayıb ki, bu əsərləri oxumaq Ukrayna ədəbiyyatçıları üçün olduqca vacibdir. Çünki indiyədək Qarabağ həqiqətlərini, xüsusilə insanların müharibə zamanı çəkdikləri əzab-əziyyətləri Ukrayna oxucularına çatdıran bu tərtibatda kitab çap olunmayıb. Bunu Azərbaycanın ən gözəl ədəbiyyat nümunələrindən biri hesab etmək olar.
Ukraynalı şair, Azərbaycanın Ukraynadakı səfirliyi ilə uzun illər yaxından əməkdaşlıq edən Dmitriy Buraqo, “Ukrayna ədəbiyyatı” qəzetinin baş redaktoru Sergey Kulida, Ukrayna Milli Elmlər Akademiyasının elmi işçisi, kitabın redaktoru İrina Kazimirova nəşrin əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitabda yer alan əsərlər Ukrayna oxucularının sevgisini qazana biləcək.
Günel Anarqızının kitabda yer alan “Atama məktub” hekayəsinin yazıçı Lesya Mudrak tərəfindən bədii qiraəti tamaşaçıları qəhərləndirib.
Qeyd edək ki, kitabın adı Xalq yazıçısı Elçinin 17 il əvvəl yazdığı “Bayraqdar” povestindən götürülüb. Kitabda, həmçinin Məmməd Oruc, Elçin Hüseynbəyli, Vaqif Sultanlı, Azər Abdulla, Günel Anarqızı, Samirə Əşrəf, Kamran Nəzirli, Mirmehdi Ağaoğlunun əsərləri yer alıb.
Kitabın üz qabığının rəssamı UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovdur.
Nəşrin ideya müəllifi Xalq yazıçısı, səfir Elmira Axundova, tərtibatçısı şair-tərcüməçi Səlim Babullaoğlu, tərcüməçilər M.Karaçubo və M.Salmanovdur.