6 Aprel 2021 17:03
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pulinvest” şirkəti “NART” logistik şirkəti ilə birlikdə Rusiyada bir ilkə imza atacaq innovativ aqropark layihəsi həyata keçirir.

Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, meyvə və tərəvəzlərin saxlanılmasında Avropa və dünya təcrübəsinin tətbiqini nəzərdə tutan layihənin yeni istehsal və anbar kompleksi 57 hektar ərazini əhatə edəcək.

Sankt-Peterburqun Petro-Slavyanka qəsəbəsi yaxınlığında böyük bir topdansatış mərkəzi yaradılacaq, kirayə yerlərin ümumi sahəsinin 180 min kvadrat metr olması planlaşdırılır.

Layihənin həmmüəllifi, aqrar-sənaye sahəsində böyük təcrübəyə malik olan “Pulinvest” şirkətinin təsisçisi və baş direktoru, həmyerlimiz Elbrus Məmmədov Rusiya mediasına açıqlamasında deyib ki, birgə iş sayəsində gələcək kompleksin bütün texnoloji proseslərini optimallaşdırmaq mümkün olub:

“Ziyarət etmək şansım olan Avropa, Afrika və Amerikadakı oxşar ən müasir istehsal müəssisələrinin təcrübəsini mənimsəmişik. Məsələn, malların satış müddətini uzatmağa imkan verən - bir anbarda fərqli temperatur rejimlərinin (-1 ilə +14 dərəcə arasında) qorunması üçün texnologiyaların istifadəsini tətbiq edəcəyik. Hədəfimiz Rusiyada ən müasir, ən funksional aqrokompleks yaratmaqdır”.

Sankt-Peterburqda milyonlarla investisiya hesabına başa gələcək layihə eyni zamanda bu şəhərdə məskunlaşan soydaşlarımıza da əlavə imkan verəcək. Bununla bağlı saytımıza danışan Elbrus Məmmədovun sözlərinə görə, layihənin ən böyük uğuru o olacaq ki, bu kompleks həm də azərbaycanlılar üçün yeni iş yeri, Azərbaycan məhsulları üçün isə yeni realizasiya məkanı deməkdir, həmyerlilərimizin öz kiçik bizneslərini qurmasına şərait yaradacaq və dəstək veriləcək.

Qeyd etmək lazımdır ki, sözügedən layihə anbarlardakı məhsulların qorunub saxlanılmasında holland və fransız texnoloji təcrübələrini nəzərə alıb.

Kompleksə səkkiz çoxhissəli anbar, habelə sənaye və pərakəndə satış və ofis hissələri, sahəsi iyirmi min kvadratmetrdən çox olan ticarət qalereyası, fermer sıraları, otel və restoranı olan biznes mərkəzi, bank filialı, gömrük idarəsi və vasitəçilik şöbəsi daxildir. Layihəyə əsasən, meyvə və tərəvəz məhsullarının emalı və qablaşdırılması üçün mini fabriklərin yerləşəcəyi xüsusi zonalar da olacaq. Gələcək topdan satış mərkəzinin gücü ildə 2,5 milyon tondan çox meyvə və tərəvəzdir, ümumi kompleksin maşın tutumu sutkada 4 mindir.

Layihənin əsas xüsusiyyətlərindən biri də buranın məhsul bazarının bütün iştirakçıları – həm Rusiya, həm də Azərbaycan istehsalçıları, idxalçıları, o cümlədən, pərakəndə satıcılar üçün nəzərdə tutulmasıdır. Tərəfdaşların fərdi istəklərini nəzərə alacaq bu kompleksdə təsərrüfat sahiblərinə anbarlara yerləşdirmədən və vasitəçilər olmadan satmaq imkanı yaradılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər