4 May 2021 17:40
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni faşistləri tərəfindən işğal olunmuş ərazilərdə kütləvi yandırılma, məhv etmə strategiyası həyata keçirilib. Demək olar ki, bütün Qarabağ regionunda kəndlər, şəhərlər məhv edilib. Hətta deyə bilərik ki, Qarabağ soyqırıma məruz qalıb. Ağdam şəhərinə baxanda istər xaricilər, istər yerli vətəndaşlar oranı kabuslar şəhəri adlandırırlar. Bütün mədəni sərvətlərimizi talayıblar.

Bunu Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar baş verənlərə susqunluq nümayiş etdirirlər: “İrəvanda Şuşadan oğurlanmış xalçalardan ibarət sərgi keçirilib, xalçaların qondarma tarixi müəyyən edilib. Bunlar hamısı Azərbaycan xalaçalarıdır. Ermənilərdə xalçaçılıq deyilən mədəniyyət olmayıb. Bütün mədəni sərvətləri oğurlayıblar, yüzminlərlə eksponat satılıb, Ermənistanın muzeylərində saxlanılır.

Məscidlərimiz, dini abidələrimiz məhv edilib, təhqir edilib. 67 məsciddən cəmi üçü salamatdır. Beynəlxalq təşkilatlar buna susqunluq nümayiş etdirirlər. Amma torpaqlar işğaldan azad olunduqdan sonra xristian abidələri üçün səs çıxarmağa başladılar. Halbuki Azərbaycan bütün abidələrə vahid yanaşma göstərib. Hər bir kilsə, sinaqoq, məscid təmir edilib, yeniləri tikilib. Bakının mərkəzindəki erməni kilsəsi buna sübutdur.

Qarabağda olan kilsələr isə alban kilsələridir. Onlar bu kilsələri erməniləşdirməyə cəhd ediblər. Mədəniyyətimizin mərkəzi Şuşanın divarlarından bütün abidələrinə qədər hər şeyi məhv edib, dəyişməyə çalışıblar”.

Əliməmməd Nuriyev qeyd edib ki, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə tarixi-mədəni, dini obyektləri bərpa etməsi Azərbaycanın ümumbəşəri irsin qorunub saxlanmasına dəyərli töhfəsidir:

“Çox qürurverici haldır ki, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilib, torpaqlarımızda bərpa işləri başladılıb. Xüsusilə bu proses Şuşadan başladılıb. Şuşadakı kilsənin təmiri ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərin fonunda Azərbaycanın tolerantlığının göstəricisidir. Heydər Əliyev Fondunun bu proseslərdə iştirakı misilsizdir.

Fond mədəni sərvətlərin qorunmasına hər zaman xüsusi diqqət yetirib. Prezident İlham Əliyev qeyd etmişdi ki, o torpaqlara qayıdıb, hər bir məkanı bərpa edəcəyik. Şuşada və digər ərazilərdə həyata keçirilən bərpa işləri prezidentin siyasi iradəsi altında çox uğurla davam edir. Burada yeni texnologiyaların tətbiqi prosesinə də yer verilir. Ağıllı kənd və şəhərlər salınacaq. Bunlar mədəni irsin qorunmasına yeni töhvələr verəcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər