Bu gün Azərbaycanda Respublika Günüdür.
Teleqraf.com xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.
Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1991-ci ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.