2 İyun 2021 14:17
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz atəşkəs dövründə, 1999-cu ildə əsir düşmüşdük, erməni əsirliyində olarkən Mkrtiçyan Lüdvik Mkrtiçoviç şəxsən mənə işgəncə verib”.

Teleqraf.com xəbər verir ki, bunu Yasamal rayon Məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zaman zərərçəkmiş kimi tanınan Qərib Rövşənoğlu deyib.

Qərib Rövşənoğlu bildirib ki, Lüdvik Mkrtiçyanın verdiyi işgəncələrin izləri hələ də qalmaqdadır: “Hazırda bədənimdə həmin işgəncələrin izləri var. Sinəm qırıqdı, başımda əziklər var. Çoxlu işgəncələrə məruz qalmışam. Ona görə də mən buradayam. Lüdvik Mkrtiçyan məni görən kimi tanıdı. O həm orada azərbaycan dilində tərcüməçi işləyirdi, həm də bizə işgəncə verirdi. Bu gün o məhkəmədə deyir ki, azərbaycan dilində bilmir, amma əsirlikdə olanda bizimlə azərbaycan dilində danışırdı”.

Digər zərərçəkmiş Həbib Kazımov bildirib ki, 1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunan zaman yaralı halda ermənilərə əsir düşüb. O bildirib ki, 1 il 9 ay erməni əsirliyində olub: "Əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə məni döyüblər. Əzab veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Yoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik Yoxa ləqəbi daşıyırdı. O burada deyir ki, azərbaycan dilini bilmir. Lakin orada bizlə o, danışırdı. Bizi azərbaycan dilində belə təhqir edirdi".

Həbib Kazımovun sözlərinə görə, əsirlikdə saxlanan kamerada daha 40 yaxın azərbaycanlı olub: "Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər. Üzləşmə zamanı da məni tanıdılar".

Qeyd edək ki, birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə bu gün məhkəmənin hazırlıq iclası keçirilib.

Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Cinayət işi üzrə prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.


Müəllif: Hacı Zeynalov