3 Noyabr 2014 16:34
1 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri Heydər Əsədov deyir ki, “Həzi Aslanov”dakı yarmarka xalq üçün nəzərdə tutulub, amma xalq bu bazardan xeyirdən çox ziyan görür.

Metronun “Həzi Aslanov” stansiyası ilə Ukrayna dairəsi aralığında (Məhəmməd Hadi küçəsi-red.) təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası bu ərazidə yaşayan sakinlərin həyatını dəhşətli dərəcədə çətinləşdirib. Həftənin 5-ci, 6-cı və bazar günləri hətta burdan təsadüfən yolu düşən insanlar da dözülməz vəziyyətlə üzləşirlər.

Ukrayna dairəsindən metro tərəfə və əks istiqamətə 2 dəqiqəlik yolu həftəsonlarında məhz bu yarmarka üzündən 20 dəqiqəyə, bəzən hətta yarım saata gedir adamlar. Bazar yekunlaşdıqdan sonra zir-zibil, antisanitariya daha dözülməz olur. Həftənin 1-ci günü səhər saat 12-nə kimi yarmarkanın olduğu M.Hadi küçəsi nəqliyyatın istifadəsinə bağlı olur. Tör-töküntünü yığışdırmaq, zibilləri daşımaq saatlar vaxt alır...

Uzunluğu təxminən 200-300 metr olan, dəmir konstruksiyalardan quraşdırılmış bu yarmarka geniş bir ərazini əhatə edir.

Qeyd edək ki, bazar məhz avtomobil yolunun üzərində qurulub. Hər həftənin cümə günü günortadan sonra yol bağlanır və satıcıların ixtiyarına verilir. Yarmarkanın şənbə və bazar günü keçirildiyini nəzərə alsaq, bağlanan yol növbəti həftənin birinci günü, günorta saatlarında açılır. 4 gün müddətində avtomobillərə alternativ yol təklif edilsə də, həmin yollar təmir səbəbindən bağlanıb.

Bazarın içində qızğın alver gedir. Alıcı çoxluğundan bazarda rahat hərəkət etmək mümkün deyil. Bazarın çölündə isə müxtəlif istiqamətlərdən gələn avtomobillər sanki bir-birinə dolaşıb.
Bu durumdan həm ərazidə yaşayan sakinlər, həm marşrut avtobuslarının sürücüləri, həm də təcili tibbi yardım maşınlarının sürücüləri, həkimləri narahatdırlar.

Yarmarkanın bu ərazidə qurulması və yolun bağlanması ərazidə yerləşən 7 saylı təcili tibbi yardım stansiyasının fəaliyyətinə də mane olur. Biz ərazidə olduğumuz zaman tıxacda qalan təcili yardım maşınının sürücüsü yolun bağlanması səbəbindən çağırışa gecikdiklərini dedi: “Hər həftə bazar qurulan kimi biz bu vəziyyətlə qarşılaşırıq. Çağırışlara gecikirik. Bu, xəstənin həyatı üçün təhlükə deməkdir. Söhbət insan həyatından gedir. Bu bazarı başqa yerdə də qurmaq olar. Ancaq insanlar üçün bu qədər narahatlıq yaratmaq olmaz. Qarşıdan marşrut avtobusu gəlir. Bu yoldan necə keçəcək?”

M.Hadi küçəsində yaşayan “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan yarmarka təşkil etmək üçün yolun bağlanmasını düzgün hesab etmir. Onun sözlərinə görə, bu bazarı yaxınlıqda yerləşən stadionda təşkil etmək daha məqsədəuyğun olar: “Bu ilin mart ayının 16-dan bu yarmarka fəaliyyətə başlayıb. Həmin vaxtı bizə dedilər ki, bu, sırf Norvruz bayramı ilə əlaqədar təşkil olunub. Ancaq üstündən 7 ay keçib və yarmarka hələ də davam edir. Biz sakinlərin həyatı çox ciddi şəkildə çətinləşib. Evə gedib-gəlmək, övladlarımızı məktəbə aparmaq bizim üçün problemə çevrilib. Mən bu problemlə bağlı bir neçə dəfə kənd təsərrüfatı naziri Heydər Əsədovla telefonla danışmışam və xahiş etmişəm ki, bazar buradan köçürülsün. Sakinlər də dəfələrlə müxtəlif qurumlara müraciətlər ediblər. Ancaq hər dəfə bizə arqument göstəriblər ki, bu yarmarka xalq üçündür, vətəndaşlar üçündür. Ancaq biz anlamırıq ki, Əhmədli qəsəbəsinin əsas prospektini kəsib burada kənd təsərrüfatı yarmarkası açmaq hansı məntiqə sığır. İnsanların yolunu kəsib bazar açmaq təcrübəsi, mənim fikrimcə, Afrika ölkələrində belə yoxdur. Kənd təsərrüfatı naziri Heydər Əsədovla sonuncu telefon danışığımızda mənə söz verib ki, Xətainin icra başçısı ilə birlikdə bu bazarın yaxınlıqdakı stadiona köçürülməsini müzakirə edəcəklər. Amma hələlik bir nəticə yoxdur”.

““Heydər Əsədovdan xahiş edirik ki, bu yarmarkanı yaxınlıqdakı boş stadiona köçürmək haqda göstəriş versin”

Müsahibimizin sözlərinə görə, yolun bağlanmasından əlavə bazar ərazidə antisanitar vəziyyətin yaranmasına da səbəb olur: “Yayda bu ərazidə antisanitariyadan, üfunət iyindən qalmaq olmur. Pis iy mənzillərə dolur. Bundan əlavə, satıcıların səs-küyü, dava-dalaşı, bəzən isə qeyri-etik ifadələri evlərimizin içinə qədər gəlir. Mən hörmətli nazir Heydər Əsədova təklif edirəm ki, bu ərazidən bir neçə yüz metr aralıda çox geniş ərazisi olan, hazırda istifadəsiz geniş stadion var. Həmin stadion belə bir bazarın qurulması üçün məqsəduyğundur”.

Biz ərazidə müşahidə apardığımız zaman marşrut avtobusları əsas yolun bağlanması səbəbindən alternativ dar küçədən keçmək məcburiyyətində qalmışdı. Birtərəfli yolda avtomobillərin əks istiqamətlərdə hərəkət etməsi əsl qəza şəraiti yaratmışdı. Elə biz ərazidə olduğumuz zaman marşrut avtobusu dar yolda hərəkət edərkən kənarda park etmiş minik avtomobilini əzərək keçdi. Avtomobilin sahibi orada olmadığından marşrut avtobusunun sürücüsü hərəkəti dayandırmadan ərazidən uzaqlaşdı. Ukrayna dairəsində isə vəziyyət daha çətindir. 3 istiqamətdə gələn avtomobillərin hərəkəti yolda mütəmadi tıxac yaranmasına səbəb olur.

Bu vəziyyəti müşahidə edən sakinlər avtomobil yolunun üzərində bazar salınmasını məntiqsiz və anormal bir hal kimi qiymətləndirirlər. Deyirlər ki, bu haqda dəfələrlə mətbuatda çıxış ediblər, dövlət qurumlarına müraciətlər ünvanlayıblar, ancaq heç bir nəticəsi olmayıb.

Qeyd edək ki, bazarın köçürülməsi üçün təklif olunan stadiona da baş çəkdik. Stadion yarmarkanın təşkil olunduğu ərazinin yaxınlığında yerləşir. Asfalt örtüyü və dəmir barmaqlıqlarla səliqəli şəkildə əhatə olunan stadionun ərazisi hazırki yarmarknın ərzisindən də dəfələrlə genişdir və ora istər maşınla, istərsə dəpiyada giriş-çıxış münasibdir. Stadion mərkəzdən bir qədər aralıda yerləşdiyindən burada yarmarkanın təşkil olunması nəqliyyatın hərəkətinə və sakinlərin gündəlik həyatına da mane olmaz.

Əhmədli qəsəbəsinin sakinlərinin problemləri haqqında bu qədər. Problemin həlli isə Kənd Təsərrüfatı Nazirliyinin və Xətai Rayon İcra Hakimiyyətinin bu məsələyə nə dərəcədə həssaslıq göstərməsindən asılıdır.


Müəllif:

Oxşar xəbərlər