Təhsil Nazirliyi: “Cəza tədbiri görülüb”
11 saylı İnteqrasiya təlimli internat məktəbində uşaqlardan birinin digəri üzərinə qaynar su tökərək yandırması barədə məlumat yayılıb. Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayevin bildirdiyinə görə, hadisə oktyabrın 10-da baş verib.
Qaynar suyu töküb uşağın qulağını yandırıb
T.Rzayevun fikrincə, sözügedən internatdakı uşaqlar əqli qüsurlu olduqlarına görə, onlara ciddi nəzarətin olması vacibdir: “Orada qızlar və oğlanlar ayrı korpuslarda qalırlar. Onların hər birinin öz nəzarətçisi olmalıdır. Amma qızların nəzarətçisi olmadığı üçün oğlan korpusunun nəzarətçisi həm də qızlara baxır. Nəzarətçi qızların korpusunda olanda Surxay adlı uşaq dəhlizdəki qaynar suyu götürüb və yatan Fatehin qulağına töküb. Halbuki, əqli qüsurlu uşaqların qaldığı müəssisədə dəhlizdə qaynar suyun saxlanması qadağandır. Fatehin qulaq və boyun nahiyəsində yanıq yaraları əmələ gəlib. Uşaq tibbi yardım müəssisəsinə aparılmayıb, hazırda adi dərmanla müalicə edilir”.
Uşağın yanması barədə polis bizdən xəbər tutdu
Hüquq müdafiəçisi hadisənin səhəri günü həmkarı Nigar Hüseynqızı ilə birlikdə Sabunçu rayon 14-cü Polis Bölməsində Yetkinlik yaşına çatmayanlarla profilaktika şöbəsinin əməkdaşı Rafiq İsmayılovla birlikdə internata getdiklərini bildirdi: “Rafiq İsmayılov hadisə barədə bizdən xəbər tutdu. Halbuki ona hadisə olan kimi məlumat verilməli idi. Biz internatın direktoru Gülnarə Abdullayevanın yanına gedəndə Təhsil Nazirliyinin uşaq hüquqları müdafiəsi və deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov da onun otağında idi. Onların hər ikisi faktı inkar etdilər”.
Fond sədri dedi ki, artıq Mülkücahan müəllimə ilə görüşdüklərini, uşağın hazırda internatdakı tibb bacısının nəzarətində olduğunu bildirdi: “Məndə olan məlumata görə, hazırda Təhsil Nazirliyinin əməkdaşları da internat müəssisəsindədirlər”.
11 saylı İnteqrasiya təlimli internat məktəbi ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, hadisə ilə məktəbin direktoru Gülnarə Abdullayeva məşğuldur. Olay barədə isə onlarda heç bir məlumat yoxdur. “Belə bir məsələ olmayıb, birinci dəfədir sizdən eşidirəm”, - deyə telefonda bizə cavab verən qadın dedi.
“Yalandan yayıblar ki, guya uşaq ölüb”
Məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Oradan bildirildi ki, hazırda qurum araşdırma aparır və məlumatda şişirtməyə, yanlış ifadələrə yol verilib: “Bəzi mətbu orqanlar yazıb ki, guya uşaq ölüb. Biz araşdırdıq, məlum oldu ki, bu olay yalandır. Araşdırmamız davam edir, amma bütün hallarda bu məsələyə Təhsil Nazirliyi mövqe bildirib”.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektoru müdiri Cəsarət Valehovun verdiyi məlumata görə, hadisənin baş verməsində səhlənkarlığa yol verən şəxslərlə bağlı tədbirlər görülür: “Oktyabrın 30-da 11 saylı İnteqrasiya təlimli internat məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib. Hadisə ani baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər. Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır. Eyni zamanda, o, internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub”.
Nazirlik rəsmisi dedi ki, uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıblar.
Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı nazirliyin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb: “Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb. Fateh Quluzadənin anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini pisləyib”.
Mətbuatda yazılanlara görə, sözügedən məktəbdə əməkhaqqı digər təhsil müəssisələri ilə müqayisədə yüksəkdir. Məktəbin sabiq direktoru Mehparə Cəfərovanın ötən il vəzifəsini itirməsinə səbəb hər uşağa ayrılan aylıq 20-30 manat müavinətin məktəb rəhbərliyi tərəfindən mənimsənməsi, uşaqların istismara məruz qoyulması olub. Baş verən nöqsanlar yenə də qalmaqdadır.
Sevil HİLALQIZI