Son günlər baş verən meşə yanğınlarının dəhşəti hər birimizə sonsuz kədər və ürək ağrısı gətirməklə bərabər, "nə edək ki, belə qarşısı çətin alına bilən fəlakətlə üzləşməyək?" kimi düşündürücü sual da yaratdı.
Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək.
Teleqraf.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hər birimizi üzməli və düşündürməli olan bu həssas məsələ ilə bağlı fikirlərini səsləndirib və vətəndaşlara çağırış edib:
"Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər.
Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir”.