29 Oktyabr 2021 16:54
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyada, həmçinin region ölkələrində COVID-19 virusuna yoluxma hallarının kəskin artması müşahidə olunur. Artıq bütün dünya üçün başlıca bəlaya çevrilən virusun yeni mutasiyaları yayılmaqdadır. Mütəxəssislərin açıqladığına görə, virusun "delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 növü də geniş yayılmağa başlayıb. Sözsüz ki, bu virusun yeni və daha təsirli mütasiyaya uğramış variantlarını ortaya çıxması təşviş doğurur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, son günlər həm regionda, həm də dünyada virusa yoluxmada yenidən təhlükəli tendensiya yaşanmaqdadır: “Artıq Rusiyada rekord yoluxma və ölüm halı qeydə alınıb. Bu ölkədə son sutka ərzində COVID-19-a 40 min yoluxma və 1159 ölüm faktı qeydə alınıb. Ona görə də Rusiyada bu gündən restoran və kafelər, fitnes-mərkəzlər, gözəllik salonları bağlanıb, əksər müəssisələr onlayn işə keçib. Eyni zamanda qardaş Türkiyədə gündəlik yoluxma sayı 26 mini ötüb. Qonşu Gürcüstanda sutka ərzində 4009 yoluxma, 45 ölüm qeydə alınıb. İranda da son sutkada COVID-19-a 11 mindən artıq insan yoluxub, 159 nəfər vəfat edib”.

Millət vəkilinə görə, Azərbaycanda yoluxma artsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır: “Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan 45-cidir. Çünki Azərbaycan dövləti COVID-19-a qarşı vaxtında çevik və zəruri qabaqlayıcı addımlar atıb. Post-sovet ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkələrdən biri Azərbaycandır”.

Azər Badamov hesab edir ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir: “İnsanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafənin saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmasi vacibdir”.


Müəllif: Tapdıq Qurbanlı