Azərbaycan Dillər Universitetinin (ADU) 39 tələbəsi həyatlarında ilk dəfə məsuliyyətli vəzifəyə təyin olunub. Bu gün 39 tələbə bir gün ərzində universitetdə rektor, prorektor, fakültələrin dekanı da daxil olmaqla müxtəlif rəhbər vəzifələri icra edəcəklər. Söhbət ADU-da keçirilən "Bir günlük Xəlifə" layihəsindən gedir.
Teleqraf.com olaraq biz də prosesi izləmək üçün universitetə yollandıq.
"Bir günlük xəlifə" layihəsi müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin özünüidarəetmə layihəsidir. Əsası universitetin rektoru Kamal Abdulla tərəfindən qoyulan layihə 2017-ci ildən ADU-da keçirilir.
İldə bir dəfə təşkil olunan layihə adətən dekabrın 13-də gerçəkləşdirilir. 3 mərhələdən ibarət olan seçkilər universitet rəhbərliyinin müdaxiləsi olmadan baş tutur.
Bu il müsabiqədə 217 tələbə iştirak edib. Seçici platforması uğurlu hesab olunan tələbəyə səs verir və o, bir günlük xəlifə qismində həmin vəzifəyə seçilir.
Bu gün universitetin xəlifə rektor vəzifəsini 6 namizəd arasında 125 seçicidən 56 səs toplayaraq qalib gələn Nurlan Tağıyev icra edir. Dördüncü kurs tələbəsi olan xəlifə rektorun məqsədi universitetdə tələbələrin dərslərdə praktiki biliklərinin artırılmasıdır: “Xəlifə seçkiləri tələbələrinin idarəetmə potensialını üzə çıxarmağa, həmin gün öz tələbə yoldaşlarına verəcəyi töhfələri üzə çıxarmağa kömək edir. Bu günə xəlifə yoldaşlarımla birlikdə çoxlu layihə və planlarımız var.
Yunanıstan və Pakistan dövlətinin rəsmi səlahiyyətli səfiri universitetimizə rəsmi səfərdə olacaq. Onları biz tələbə xəlifələr qarşılayacağıq. Çalışacağıq ki, görüş həm universitetimiz, həm də bizlər üçün faydalı olsun. Onlarla əməkdaşlıq edib, əlaqələri gücləndirməklə sülh səyləri göstərəcəyik.
Universitetimizdə biz öz tələbə yoldaşlarımızla danışdıq və onların bütün təklif və şikayətlərini maraqlandıq. Demək olar ki, universitetdə hər şey qaydasındadır. Lakin bizim də verəcəyimiz yeni çoxlu təklif və layihələr var ki, bu gün onların hamısını reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Nurlan Tağıyev deyir ki, əgər daimi rektor olarsa universitetdə yeni dillərin tədrisi üçün çalışacaq: “Bununla yanaşı, universitet daxilində yeni mərkəzlərinin yaradılması üzərində çalışaram. Klassik dillərin təbliğatını gücləndirmək üçün addımlar ataram. Platformamda universitetimizin şüarı “Öyrədərək öyrənirəm”i ön plana çəkdim.
Artıq dərslərdə praktikanı artırmaq məqsədilə tələbələrin “Öyrədərək öyrənirəm” prinsipi ilə dərs keçməsi təşkil olunacaq. Yəni həmin tələbələr növbəti dərsi bir gün öncədən oxuyub öyrənəcək, gələn dərs özü məllim kimi tələbə yoldaşlarına izah etməyə çalışacaq. Daha sonra hər semestr sonu təqdim olunan sərbəst işlərin təqdimatını dəyirmi masa ətrafında ümumi şəkildə keçirməyə çalışacam.
Bu da tələbə və müəllimlərə əlavə vaxt qazanmağa kömək edəcək. Bildiyiniz kimi bu il Nizami Gəncəvi ilidir. Mən öz platformamda təklif etmişdim ki, Nizami Gəncəvi ilinə həsr olunan universitetimizin beynəlxalq arenada əməkdaşlıq etdiyi universitetlərlə birgə beynəlxalq konfrans təşkil olunsun”.
Xəlifə rektorun çox vaxtını almadan keçid etdik digər xəliflərin yanına. Universitetdə 1 günlük xəlifə seçilən 39 tələbədən biri Aysel Əlibabazadə ilə söhbətləşdik. Bu gün o, xəlifə prorektor vəzifəsini icra edirdi. 68 səs toplayaraq 4 rəqibinə qalib gələn Aysel Əlibabazadə platforması və qəbul etmək istədiyi qərarlar haqqında bizə məlumat verdi:
“Tələbələr üçün bir sıra planlarım var. Düşünürəm ki, bu planlar onların tələbəlik həyatında bir qədər müsbət addımlara yol açacaq. Bəzi otaqlarda texniki təchizat problemləri var. Bu problemlərin həllini tapması üçün müəyyən qurumlarla əlaqələr saxlayacağıq. Bundan başqa universitetdə kitab çatışmazlığı problemi var. Kitab resurs mərkəzi ilə danışılacaq və tələbələr daha çox kitablarla təmin olunacaq”.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə xəlifə prorektoru Ramin Məhərrəmov da bizimlə təəssüratlarını bölüşdü. İkinci kurs tələbəsi olan Ramin xəlifə həmkarlarında fərqli olaraq platformasında sosialyönümlü vədlər verib:
“Vədlərimdə əsas məqsədi tələbələrin gələcəkdə və indiki həyatındn inkişafa səbəb olmasıdır. Universitetdə “O səs ADU” yarışmasını keçirmək istəyirəm. Səsi, musiqi bacarığı olan tələbələr ifa edəcək, qalib gələnlər isə mükafata layiq görüləcəklər. Digər vədim isə sosial fond yaratmaqdır. Belə ki, tələbələr öz əl işlərini gətirib universitetdə sata bilərlər. Bununla həm özlərinə, həm də maddi durumu aşağı olan tələbələrə yardım ola biləcəklər.
Həmçinin, daha əvvəl “Heyvanlara qayğı” aksiyamız var idi. Bu qayğı aksiyamıza universitetimizin tələbələri qoşulub. Lakin istərdik ki, digər universitetlərdən də bizə dəstək gəlsin. Çünki nə qədər çox insan, o qədər çox yaşam. Bundan başqa, məsləhət köşkü yaratmağı təklif etdim. Məsləhət köşkündə tələbələrin hansısa problemi, dərs sıxıntıları və yaxud ailə-psixoloji problemləri varsa, onlar həll eləmək üçün belə bir məsləhət köşkü yaradılıb”.
Xəlifələrin vəzifəsi yalnız bir günlə kifayətlənmir. Xəlifə rektor bu gündən sonra bir illik “Kölgə kabineti” formalaşdırır, rektorla birlikdə iclas və konfranslarda iştirak edir. “Kölgə kabineti” növbəti xəlifə gününə qədər işini davam etdirir.
Rəhbər vəzifələri icra edən xəlifələrin həmin gün ərzində qəbul etdikləri qərarları tam hüquqi qüvvəyə malikdir. Bununla yanaşı, layihə çərçivəsində rəhbər vəzifədə işləyən tələbələr icra etdikləri vəzifəyə uyğun bir günlük maaş da alırlar. Məsələn, rektor vəzifəsini icra edən tələbə bir gün müqabilində 120 manat məvacib alacaq.
Universitetdə olduğumuz müddət ərzində xəlifə rektor Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos və Nəsimi rayon icra başçısı ilə görüş keçirdi.
Qeyd edək ki, “Bir günlük xəlifə” tələbə özünüidarəetmə layihəsi saat 8:30-dan 20:00-dək davam edəcək.