19 Noyabr 2014 10:59
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq sayı azaldılsın, ya müəllimlərə köməkçilər verilsin?

Təhsil Nazirliyi rəsmi saytı ibtidai siniflərdə dərs deyən müəllimlərə köməkçi müəllimlərin təyin olunması məsələsini aktuallaşdırıb. Məlumatda bildirilir ki, təhsil sahəsində uğur qazanmış bir çox qabaqcıl ölkələrdə bu təcrübədən istifadə olunur.

Mütləq müəllim köməkçisi olmalısan

Həmin köməkçi müəllimlər tədris prosesində, təşkilati işlərdə, zəif qavrayan şagirdlərin yazı və digər bacarıqlarının formalaşmasında həm əsas müəllimə kömək edir, həm də təcrübə qazanır. Bəzi ölkələrdə ali məktəbi bitirərək müəllim olmaq istəyənlər könüllü olaraq bu işə cəlb olunur, öyrənmək məqsədilə heç bir məvacib almadan çalışırlar. Bununla bağlı Almaniya və Kanadanın ümumtəhsil məktəblərində çalışan azərbaycanlı müəllimlər də bildiriblər ki, bu ölkələrin orta məktəblərində müəyyən olunmuş müddətdə müəllim köməkçisi kimi çalışmadan birbaşa müəllim vəzifəsinə qəbul edilmək mümkün deyil. Hətta bu ölkələrdə diplomlu mütəxəssisin müəllim vəzifəsinə qəbulu zamanı köməkçisi kimi çalışdığı müəllimin, həmin məktəbin direktorunun verdiyi rəy əsas şərtlərdən biri kimi qəbul edilir. Bu qaydalar həm məktəblərdə çalışan müəllimlərin statusunu artırır, həm də işini yüngülləşdirir.

Azərbaycanda isə müəllim köməkçilərindən yalnız bir neçə özəl məktəb və liseylər istifadə edir. Paytaxtın bir sıra orta ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimlərinin mövqeyindən bu qənaət yaranır ki, Azərbaycan məktəblərində də ibtidai sinif müəllimlərinin asissentə ciddi ehtiyacı var.

“Təşəbbüs ictimailəşməlidir”

Bəs təhsil ekspertlərinin bu barədə mövqeyi necədir?

Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıqlının bildirdiyinə görə, belə bir təcrübə Azərbaycan üçün yenidir və bu təşəbbüsün ictimailəşməsi yaxşı haldır.

Sovetlər dönəmində də yeni fəaliyyətə başlayan müəllimlərin 30-40 faizində təcrübəsizliyin müşahidə olunduğunu bildirən Ə.Sadıqlının fikrincə, köməkçi müəllimə I siniflərdə xüsusilə ehtiyac olsa da, hazırda Azərbaycan məktəblərində yuxarı sinif müəllimləri arasında köməkçi vəzifəyə ehtiyac duyulur: “İbtidai sinif müəllimlərinin hər bir şagirdi öyrənib, onlara fərdi yanaşması vacibdir. Məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının azlığı üzündən əksər şagirdlər I sinfə hazırlıqsız gəlir ki, bu da sinif müəllimlərinin işini daha da çətinləşdirir. Elə uşaqlar var ki, onlarla fərdi məşğul olmaq saatlarla vaxt aparır. Bu baxımdan şagirdlər və onların valideynləri ilə fərdi ünsiyyət yaratmaqda, hansı sahədə çətinlikləri varsa, o sahədə şagirdə dəstək vermək, ona ilkin yazı, oxu, qələm tutmaq vərdişlərini aşılamaqda köməkçi müəllimin dəstəyi çox yaxşı olardı. Bu sinif müəlliminə dəstəklə yanaşı, köməkçi müəllimin praktiki işdə təkmilləşməsi üçün də çox əhəmiyyət kəsb edər. Təkcə aşağı siniflərdə deyil, yuxarı siniflərdə də bu cür vəzifənin icra olunmasına ehtiyac var. Elə müəllim tanıyıram ki, ali məktəbi qırmızı diplomla bitirib, mühitə adaptasiyasında ciddi problemi olduğu üçün, müəllimlik səriştəsi, öyrətmə qabiliyyəti sıfır səviyyədədir. Hesab edirəm ki, yeni fəaliyyətə başlayan müəllimlərin Təhsil Nazirliyinin işə qəbul imtahanından keçməsi ilə kifayətlənmək olmaz. Pedaqoji profilli ali məktəb məzunlarının müəllim işləməsindən öncə onların məktəblərdə köməkçi statusunda olması, məktəblərin onların fəaliyyəti ilə bağlı xarakteristika verməsi çox yaxşı olardı”.

“Kim köməkçi müəllim işləyər?”

Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, təhsil sahəsində qabaqcıl ölkələrin təcrübəsinin Azərbaycan mühitində tətbiqi zamanı bəzi məqamlara diqqət yetirilməlidir. Onun fikrincə, elə ölkələr var ki, onların sosial-iqtisadi inkişafı, mentaliteti və sair bizim ölkə ilə uyğun deyil və bu da paradoks yaradır: “Hazırda bu fikir təbliğ olunur: dünyanın əksər ölkələri 12 illik təhsil sisteminə keçib, biz də keçək. Bu cür yanaşma doğru deyil. Biz boloniya prosesinə, məktəblərin rasionallaşması, de-institutlaşma ilə uşaqların ailələrə verilməsi, kurikulum sənədi üzrə təhsil sisteminə qoşulduq. Amma nəticə göstərdi ki, cəmiyyət bu yeniliklərə hazır deyil. Çünki bu yeniliklər təhsil ictimaiyyətimiz tərəfindən öyrənilmədən, tətbiq olunub. İqtisadi cəhətdən inkişaf etməyimiz təhsilimizin də o səviyyədə olması anlamına gəlmir. Bu baxımdan köməkçi müəllimlərin olması baş tutan məsələ deyil. Köməkçi müəllimlər könüllülük prinsipi ilə fəaliyyət göstərməlidir. Maaş təminatı olmadan buna kim razılaşacaq? Bu məsələyə keçid baş tutarsa, stimulverici tədbirlər görülməlidir. Könüllü fəaliyyət göstərənlərə güzəşt tətbiq oluna bilər ki, işə düzələndə onlara üstünlük verilsin”.

“Şagirdlərin sayı azaldılmalıdır”

Təhsil eksperti hesab edir ki, təhsilin keyfiyyətinin artırılması Azərbaycan üçün ən önəmli prioritet olsa da, tələbə qəbulunun nəticələri ildən-ilə keyfiyyətin aşağı düşdüyünü göstərir. Onun fikrincə, bu baxımdan təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərə köməkçi vəzifə təyin etməkdənsə, başqa addım atmaq daha doğru olar: “Məsələn, Azərbaycanın ”Təhsil Qanunu"na əsasən siniflərin komplektləşdirilməsi 20 nəfərdən ibarət olmalıdır. Amma şəhərin mərkəzi məktəblərində elə sinif var ki, şagirdlərin sayı 30-40 nəfərdir. Bu sıxlıq və seyrəkliyi hazırda balanslaşdırmaq mümkün deyil. Bilirik ki, təhsilin bünövrəsi ibtidaidən qoyulur. Ona görə də ən optimal variant ibtidai siniflərdə şagird sayının azalmasıdır ki, müəllimlərin fərdi məşğul olmaq imkanı yaransın. Bundan başqa ibtidai təhsil pilləsinin artırılmasına ehtiyac var. Uşaqlarda ilkin bünövrənin, bazanın qoyulması çox mühümdür. Məsələn, Almaniyada ibtidai təhsil yeddi ildir. Bu baxımdan köməkçi müəllimlərin təyin olunmasını sözçülük hesab edirəm. Fikrimcə, təhsili bir növ eksperiment meydanına çevirmək düzgün deyil".

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər