21 Yanvar 2022 12:14
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bu tarixi anları yaşamışıq. 44 günlük Zəfər xalqımızın yaratdığı qəhrəmanlıq və birlik dastandır. Xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi Zəfərin tarixi yaddaş baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan Prezidentinin tapşırığı ilə "zefer.az" saytı yaradılıb. Bundan əvvəl isə sentyabrın 28-də şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün "memorial.az" saytı fəaliyyətə başlamışdı. Bu gün biz Azərbaycan xalqının 30 ildir keçdiyi, hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsinin ensiklopediyasının - "zefer.az" saytının təqdimat mərasimini keçiririk.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova "zefer.az" saytının təqdimat mərasimində çıxışı zamanı deyib.

S.Yusifova qeyd edib ki, saytın loqosu özündə 3 elementi əks etdirir: "Onlar birləşərək xalqımızın 44 gün ərzində keçdiyi Zəfər yolunu simvolizə edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı altında qazanılan bu tarixi qələbə hər birimizin qələbəsi, vahid ideya, amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, əzmkarlığının, mübarizəsinin və iradəsinin canlı dastanıdır. Cənab Prezidentin sözləri ilə desək "Dəmir yumruq" yalnız gücün rəmzi deyil, həm də sarsılmaz birliyin və iradənin rəmzidir".

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Zəfər Prezident-ordu-xalq birliyinin, güclü lider, güclü dövlət, güclü ordu və güclü xalq konsepsiyasının təntənəsidir: "Vətən müharibəsində qazandığımız Zəfər bizi və ölkəmizi daxildə və xaricdə, regionda və qlobal kontekst tamamilə yeni formada şəkilləndirir".

S.Yusifovanın sözlərinə görə, tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılması, xalqımızın özünə inamını bərpa edən, xalqımızı özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir: "Əgər 2020-ci ilin şanlı zəfərimizin tarixə yazıldığı il Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci ilin bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ilidir. Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri oldu: "3+3 formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın 10 illiklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını diversifikasiya etməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geoiqtisadi xəritəsini dəyişəcək. Bu fundamental dəyişikliklər Azərbaycanın yeni inkişaf paradiqmasını şərtləndirir. Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, günəş altında öz yerimizin tapılması, sadəcə dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əltaçatlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər