Ötən yazılarımızın birində II Dünya müharibəsindən sonra Türkiyəyə mühacirət edən həkimlərdən bəhs etmişdik. Doktor Ağamirzə Mirzəli ilə həmin yazıda onun əsir düşdükdən sonra başına gələn hadisələrdən və 35 il sonra ailəsinə qovuşmasından bəhs etmişdik. Budəfəki məqalədə eyni qədəri yaşayan başqa bir mühacir həkim – doktor Sultan Hacıoğlu barədə məlumat verəcəyik.
Doktor Sultan Hacıoğlu 15 sentyabr 1915-ci ildə Şəkidə doğulub. Atası Hacı Kərim xan, anası Zibeydə xanımdır. 1929-cu ildə Şəkidə orta məktəbi bitirib, ardınca Bakıdakı Teatr Məktəbinin rejissorluq bölümünə daxil olub. Bu məktəbdə oxuyarkən ədəbiyyat dərslərini Hüseyn Cavid keçib. Üzeyir bəy Hacıbəyli ilə bağlı yazdığı məqalədən aydın olur ki, rejissor Rza Təhmasibdən də dərs alıb.
1931-ci ildə teatr rejissorluğu ixtisasına yiyələnən Sultan bəy üç il müddətində bu sahədə çalışıb. Lakin daha sonra ixtisasını dəyişib, Bakı Universitetinin Tibb Fakültəsinə girib, 1940-cı ildə məzun olub. İkinci Dünya müharibəsi başladıqdan sonra Polşa cəbhəsinə ordu həkimi olaraq göndərilib. Sürətli alman hücumlarının qarşısında tab gətirməyən Sovet ordusunun minlərlə əsgəri kimi Hacıoğlu da 1941-ci ildə almanlara əsir düşüb, işgəncələrə məruz qalıb. 1945-ci ildə italiyalılar, daha sonra isə Müttəfiq orduları tərəfindən əsir götürülüb.
Misir kralı I Farukun İtaliyadan xilas edib Misirə apardığı hərbi əsirlər arasında Sultan bəy də vardı. O, Məhəmməd Kəngərli, Əliheydər Süleymanov (Haydar Aras) kimi onunla ortaq qədəri paylaşan şəxslərlə birgə eyni gəmidə aparılıb. Buna görə də sonralar bu şəxslərlə yaxın dost olub.
1948-ci ildə Türkiyənin müharibə əsirlərini qəbul etməsindən sonra bu ölkəyə yola düşüb. Ankaraya gələn Sultan bəy burada Bələdiyyə xəstəxanasında həkim kimi çalışıb. 1950-ci ildən sonra isə sərbəst şəkildə daxiliyyə həkimi olaraq fəaliyyət göstərib. Məhəmmədəmin Rəsulzadə xəstəxanada vəfat edərkən yanında olan şəxslərdən biri də Sultan bəy idi.
1968-ci ildə dörd məsləkdaşı ilə birlikdə Azərbaycana gəlib, buradakı qohumları ilə görüşüb.
29 noyabr 1973-cü ildə Sultan bəy Ankara Tibb Fakultəsinin neyrocərrahiyyə klinikasında beyin əməliyyatı keçirib.
Azərbaycan Kültür Dərnəyinin Danışma Məclisinin üzvü olan Sultan bəy 9 aprel 1974-cü ildə xəstə yatdığı Ankarada Yeni Mahalledəki evində vəfat edib. Bir gün sonra Hacı Bayram məscidində qılınan cənazə namazından sonra Karşıyaka məzarlığında dəfn olunub.
Sultan bəy Ankarada Səfiyyə adlı xanımla evlənib. Onun vəfatı Almaniyada yaşayan azərbaycanlıları da kədərləndirib. Federativ Almaniyada fəaliyyət göstərən Azərbaycan Birliyinin sədri Bəkir Allahverdi Azərbaycan Kültür Dərnəyinə başsağlığı məktubu göndərib.
Sultan bəyin “Azərbaycan” jurnalında “Üzeyir Hacıbəylinin şəxsiyyəti və əsərləri” adlı məqaləsi, mühacir Saleh Gəncə ilə bağlı nekroloq yazısı dərc olunub.
Dirijor Niyazi Ankaraya gəldiyi zaman görüşdüyü mühacirlərdən biri də Sultan bəy olub. Hacıoğlu Ankaranın tanınmış mühacir ailəsi olan Saryal ailəsi ilə də yaxın dost olub.