Ötən gün vəfat edən Xalq artisti Əlibaba Məmmədov dəfn olunub.
Teleqraf.com-un məlumatına görə, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Ə.Məmmədovun ailə üzvləri, yaxınları, eləcə də mədəniyyət nazir Anar Kərimov, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.
Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.
Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib.
1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.
Xatırladaq ki, Xalq artistinin oğlu Seyran Məmmədov fevralın 17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan rəhmətə getmişdi.
* * *
13:36
Xalq artisti Əlibaba Məmmədov dəfn olunur.
Teleqraf.com xəbər verir ki, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılır.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Ə.Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub.
O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.
Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), "İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb.
Ə.Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib.