“Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi çözülmədikcə, işğal altındakı Azərbaycan torpaqlarının bütün növdən olan təbii sərvətləri xarici şirkətlər tərəfindən talan edilərək ərazidən çıxarılır”.
Bu fikirləri Teleqraf.com-a Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib. Onun sözlərinə görə, Ermənistan qızıl ixracına görə dünyada öncül yerlərdən birini tutması heç də səbəbsiz deyil: “Halbuki Ermənistan hökuməti öz ərazisindəki qızıl mədənlərindən, qızıl çıxarılmasına qəti qadağa qoyub. Qızıl istehsalı yalnız Azərbaycanın işğal olunmuş ərazilərindəki ehtiyatı 155 ton olan Zod, Mehridərə, Tərtərçay, Kəlbəcər, Mərcanlı, Səfi-Binə, Lic və digər mədənlərindən çıxarılıb Ermənistana daşınır.
Ermənistanın “Hetq” jurnalının 10 aprel 2014-cü il sayında məlumat verilik ki, Ermənistanın qızıl ixracı 2009-cu ilə nisbətən 1,5 ton artıb, 2011-ci ildən etibarən stabil olaraq bu ölkə hər il 2,5 ton qızıl satır. 2013-cü ildə bu rəqəm Ermənistanın tarixində rekord həddə yəni 2,7 tona çatıb. Qızılın hər kiloqramı 27,2 min dollardan hesablasaq, onda Ermənistanın qızıldan gələn illik gəliri 73,5 milyon dollar təşkil edir.
Dəqiq rəqəmlər göstərilməsə də, statistik məlumatlara görə Ermənistan eyni zamanda qızıl tozu da ixrac edir. Mütəxəssislərin rəyinə görə, qızıl tozunun tərkibi 70 faiz qızıl, 30 faiz isə gümüşdən ibarət olduğu bildirilir”.
F.İsmayılov əlavə edib ki, Azərbaycan ərazilərindən Ermənistanın Ararat qızıl emalı fabrikinə daşınıb orada emal olunan qızıl filizlərinin əsas ixracatçısı "GeoProMining Gold" şirkətidir: “Şirkətin istehsal etdiyi qızılın 90 faizi Kanadaya ixrac edilir və Britaniyanın “Johnson Matthey” şirkəti tərəfindən London birjası vasitəsi ilə satışa çıxarılır. "GeoProMining Gold" səhmdar cəmiyyəti, Cayman adasında fəaliyyət göstərən "Frast Daytsi Arm.Lim Mines" şirkəti vasitəsi ilə Ermənistandan ixrac olunan qızıl tozunun o qədər də böyük olmayan hissələrlə Türkiyə və İtaliyaya satır.
Bütün bunlar Ermənistan dövləti tərəfindən təsdiq edilən statistik məlumatlardır. Ermənistanın qızıl maqnatları və oliqarxları tərəfindən qara bazara çıxarılan qızılın çəkisi təqribən rəsmi qaydada istehsal olunan rəqəmlərə bərabərdir. Hər kəsə məlumdur ki, 2000 - 2008-ci illərdə erməni qızıl maqnatları dəfələrlə Rusiyanın Maqadan ərazisindən qeyri-qanuni yollarla əldə etdikləri qızılı, böyük hissələrlə Ermənistana apararkən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən ifşa olunublar. Bu baxımdan erməni qızıl maqnatları üçün nəzarətsiz qalan işğal altındakı Azərbaycan əraziləri olduqca sərfəli və təhlükəsizdir.
20 ildir Azərbaycan qızılı Ermənistanın büdcəsinə hər il 73,5 milyon dollar gəlir gətirir”.
BƏXTİYAR