*
Mirzəbala Məhəmmədzadə Milli Aşura ...
Hürriyyət xaricində mədəni-insani həyat mümkün olmadığı kimi istiqlal xaricində də milli həyat imkan xaricindədir.
Bir insan-fərd necə yaşamaq haqqına malikdirsə, bir millət də yaşayacaqdır. Milli cəmiyyət fərdlərin birləşməsindən doğursa, beynəlmiləl həyat da millətlərin müştərək həyatıdır. Bir millət varsa, yaşamaq haqqına malik deməkdir. Çünki yaşamaq haqqı təbiidir, sonradan qazanılmayıb. Azərbaycan vardır, olmuşdur, yenə olacaqdır. Bugünkü istila onun istiqlalına ancaq bir “ara” vermişdir. Azərbaycan belə “araları” iki min ildən çox olan həyatında neçə dəfə gördü. Fəqət nə Böyük İskəndərin istilası, nə Pompeyin fütuhatı, nə ərəb hakimiyyəti və nə rus çarlarının vəhşəti onu, yəni Azərbaycanı xəritədən silə bilmədi. O vardır. Çünki bir varlıqdır. Yaşamaq haqqına malik, yaşamağa qabil bir varlıqdır.
Onun istila altındakı həmlələri bu qüdrətinin canlı şahididir. O, neçə dəfə üsyan etdi! O, neçə minlərlə qurban verdi! İstilanın daha ilk günündən etibarən rus vəhşətinə və rus istilasına qarşı əlində silah qiyam etmiş Azərbaycan heç bir millətin tarixində bənzərinə təsadüf edilməyən qəhrəmanlıq dastanı yaratmışdır.
Onun şimal qütbünün buzlu adalarında hürriyyət və istiqlal üçün iztirab çəkən, can verən, ölən, fəqət zülmə və istibdada boyun əyməyən on minlərlə qəhrəmanı, məhkumları və şəhidləri vardır.
Onun bir savaş tarixi vardır ki, mislini heç bir millət yazmamışdır və yaza bilməz də...
Onun bu şanlı və qutlu savaşda göstərdiyi təpər böyüklüyü ilə mütənasibdir. O, haqq və hürriyyət üçün ölür. Bu yolda ölərkən milli istiqlal kimi insani bir məfkurənin qurbanı və şəhidi olmağa qanedir. O, müzəffər olacaqdır. Çünki idealı qutludur, insanidir, bəşəridir. O, dünyaya hökm edən böyük bir millətin nəcib bir qoludur.
Onun alın yazısına Uca Gök Tanrı “Türk yox olmaz” deyə yazmışdır. O qurtulacaqdır. Azəri hər Aşura günü qutlu və ulu şəhidlərə göz yaşları tökərkən heç bir zaman kədərə və ümidsizliyə qərq olmamışdır. Aşura onda hürriyyətə və insani məfkurəyə olan imanını gücləndirmiş, zülmə, haqsızlığa və əsarətə olan kinini və nifrətini təzələmiş və sarsılmayan bir imanla haqqın və ədalətin nəhayət zəfər çalacağına ümidini artırmışdır. 27 aprelin də rolu eynidir.
Bu Milli Aşura günü dəxi bütün azərilər milli hürriyyətə, milli istiqlala, haqqa və ədalətə olan bağlılıqlarını gücləndirirlər. Bu gün dəxi haqsızlığa, zülmə, əsarətə, istibdada, istila və vəhşətə olan dərin kinlərini təzələyirlər. Haqqa və hürriyyətə sevgi, haqsızlığa və əsarətə kin bağları ilə birləşirlər.
Bu gün hər azəri 27 aprel istilasını xatırlayaraq eyni duyğu, eyni həyəcan və eyni mənəvi bağlarla birləşəcəkdir. Bir fərd kimi, bir bütün olaraq bir millət olduğunu elan edəcəkdir. Ürəklər eyni fəlakətin təsiri ilə eyni şəkildə çarpacaqdır. Gözlər eyni zamanda eyni həyəcanın təsiri ilə yaşlarla dolacaqdır.
Hər kəs istiqlal və hürriyyət gününü xatırlayacaq, o günü anacaq, gələcək məsud günləri təxəyyül edəcəkdir.
Hər kəs müştərək duyğu, müştərək həyəcanla birləşəcək və bir insan kimi hürriyyət şəhidlərinin, hürriyyət və istiqlal qurbanlarının qutlu xatirələri önündə diz çökəcəkdir.
Hər kəs bir fərd kimi rusluğa, istibdad, əsarət, vəhşət və istila timsalı olan rusluğa qarşı eyni zamanda eyni duyğunu duyacaqdır, nifrətlərini və kinlərini izhar edəcəkdir.
Aşuradan dönərkən bir möminin təkrarladığı nədir? - Yezidə lənət!... Yezidə lənət!.... Yurdunu sevən, millətini sevən, hürriyyət və istiqlalını sevən bir azərinin söylədiyi də yezidlərə lənətdən ibarət olacaqdır...
*
On dörd ildir ki, azəri milli Aşura keçirir. On dörd ildir ki, hürriyyət həsrəti ilə sızıldayır. Bu mərasim onun üçün milli bir tradisiya şəklini almışdır. Bu milli Aşura mərasimləri azərini hürriyyətinə və istiqlalına daha çox yaxınlaşdırmışdır. Hürriyyət eşqi, istiqlal sevgisi onun üçün bir din şəklinə girmişdir. Mənəvi, ruhani ehtiyaclarından ən mühümü olmuşdur.
Hər il daha çox inanır ki, milli həyat, milli varlıq hürriyyətlə və istiqlalla qaimdir. Yurdu istila altında olan bir millətin əvvəl-axır məhv olub gedəcəyinə qənaəti hər il daha çox qüvvətlənir. Yurdun, millətin, hürriyyət və istiqlalın qüdsiyyəti bütün varlığını istila edir. Milli Aşuramız olan 27 aprel azərinin hürriyyətə, istiqlala olan eşqini artırmışdır.
Onda yurd və millət sevgisini də qüvvətləndirmişdir. Onu istiqlalına yaxınlaşdırmışdır. Onu eyni iztirabı çəkən, eyni həyəcanları hiss edən və eyni düşmənə qarşı savaşan hürriyyət vurğunu digər millətlərlə birləşdirmişdir. Hürriyyət və istiqlal bağıran, rusluğa kin və nifrət çığıran hər səs ona qardaş səsi, hər fərd ona qardaş olmuşdur. Milli Aşura azərinin milli hərəkatını, milli sevgisini daha çox şüurlandırmış, gözlərini açmış, ona “romantik sevgilərlə” “real sevgilər” arasındakı dərin fərqi öyrətmişdir.
O, əsl fəlakət yoldaşlarını tapmış, ilham mənbələri bir, şüarları bir və düşmənləri eyni olan Qafqaz millətləri ilə sarsılmaz birlik halına gəlmişdir. Anlamışdır ki, Qafqaz millətləri birləşə bilmədikləri üçün əsir oldular. Düşmən onları ayrı-ayrı vurdu. Azərinin nəzərində qurtuluş yolu yalnız birlikdədir.
Qafqaz millətlərinin sarsılmayan birliyində... Fəqət bu da azdır. Azərbaycan sağında əsl beşiyimiz olan Türküstanı, şimalında İdil-Ural, Ukrayna, Krım, Kazak, Belorus və finləri öz vəziyyətində görür... Azərbaycan bütün bu millətlərlə əl-ələ verərək yüz milyonluq bir hürriyyət ordusu halında irəliləməkdədir. Bu ordu hürriyyət və istiqlal işığına qaçan, haqq üçün, insani məfkurə üçün, haqqı və hürriyyəti boğanlara qarşı savaşan həqiqət ordusu, hürriyyət ordusudur. Bu ordu müzəffər olacaqdır. Onunla birgə Azərbaycan da qurtulacaqdır. Çünki haqq onunladır. Son zəfər isə daim haqqın olmuşdur.
“İstiqlal” qəzeti, sayı 57, 1934