13 Sentyabr 2022 12:50
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərin açılmasına az müddət qalsa da, şagirdlərin forma problemi öz həllini tapmayıb.

Sosial şəbəkələrdə yayılan videoda övladlarına hələ də forma ala bilməyən valideynlərin Bakı Tikiş Evinin (BTE) satış mağazası qarşısında izdiham yaratdığı görünür.

Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verib. Eyni zamanda qeyd olunub ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur.

Bu açıqlamalara baxmayaraq, yaranmış izdiham yenə də davam edib.

Təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalı mövcud vəziyyəti Teleqraf.com-a şərh edib.

O hesab edir ki, məsələ mətbuata və ictimaiyyətə yanlış servis olunub: “Belə bir təəssürat yaranıb ki, bu formalar mütləq BTE-də istehsal olunmalıdır. Əks halda şagirdlər məktəbə buraxılmayacaq. Belə bir qayda yoxdur. Elm və Təhsil Nazirliyi məktəbli formasını alıb şagirdlərə verən müəssisə deyil. Bu kitab deyil ki, nazirlik onu haradansa alıb şagirdlərə paylasın. Nazirlik həmin formaların modelini, nümunəsini müəyyən edir. Nədənsə ictimaiyyətdə BTE-nin bu formaların tikişini öz əlində saxlayır kimi bir görüntü var.

Tikiş sexi olan istənilən sahibkar bu nümunələri götürüb istehsal edib, satışını təşkil edə bilər. Sadəcə olaraq sahibkarlar buna yaxın durmaq istəmir, valideynlər özləri uyğun parçanı alıb tikdirə bilərlər. Bu il formaların nümunəsi dəyişdi, prosesə də gec başlanıldı. Ona görə də BTE bu formaları tikib çatdıra bilməz”.

Ekspertə görə, izdihama BTE-nin satış ofislərinin olmaması da öz təsirini göstərir: “Bir halda ki, məktəbli formalarını BTE istehsal edir və satır, yaxşı olardı ki, Bakının 13 rayonu üzrə satış distributoru olsun. Tikiş evinin qarşısına bu qədər əhalinin yığılması çox biabırçı görüntüdür. Fabrikin qarşısında nizam-intizam yaradan da yoxdur. Pandemiya hələ bitməyib, yoluxma sayı hər gün artır.

Vəziyyətdən çıxış yolu olaraq təklif edərdim ki, məktəbli formalarının onlayn satışı təşkil olunsun. Bu gün xarici ölkələrdən onlayn qaydada sifarişlə paltara alıb gətiririk, amma valideynlər övladına BTE-dən onlayn paltar sifariş edə bilmir. Bu, gülməli vəziyyətdir. BTE illərdir eyni problemi yaşayır. Bir ay ərzində onlayn satış şəbəkəsi yaratmaq olar. Sadəcə bunu etmək lazımdır”.

Rasif Dünyamalı Nazirlər Kabinetinin may ayından məktəblilərin yeni geyim formalarını təsdiq etdiyini xatırladıb: “Bəzən valideynləri də qınamaq olmur. Onlar yeni forma çıxdığı üçün köhnəni atıblar. Nazirlik BTE-nin lazımi sayda məktəbli forması tikə bilmədiyini görüb açıqlayır ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur. Yəni şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Artıq iş işdən keçib, çoxunun evində köhnə məktəbli forması yoxdur.

Hazırkı vəziyyətdən çıxış yolu yoxdur. Gərək yenidən elan versinlər ki, məktəbə ağ köynək, qara ətək və ya şalvarla getsinlər. Bunun özü də bir problem yaradacaq, valideynlər il boyu formanı dəyişməyəcəklər.

“Təhsil haqqında” qanuna görə orta təhsil icbaridir. Bu gün forması olmayan uşaq belə, orta məktəbə gedə bilər. Heç bir məktəb direktorunun ixtiyarı yoxdur ki, forması olmayan şagirdi məktəbə buraxmasın. “Təhsil haqqında” qanunu Prezident təsdiq edib, Milli Məclisdə qəbul olunur. Forma haqqında əmir isə daxili əmrdir, yəni qanundan yüksək deyil. Təbii ki, formanın olması uşaqlar arasında ayrıseçkiliyi aradan qaldırır, amma formanın olmamasına görə şagirdi təhsildən uzaqlaşdırmaq cinayətdir, qanun pozuntusudur”.


Müəllif: Yeganə Oqtayqızı