14 Oktyabr 2022 14:20
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 14-də “Hilton” otelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdən öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Bu gün tədbirə tanınmış insanlar, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar, dövlət xadimləri qatılıblar. Otuz il az bir dövr deyil. Təxminən Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşən bir dövr deməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu anbaan, günbəgün Azərbaycanın problemlərinə, vətəndaşlarımızın, keçmiş məcburi köçkünlərin, işğaldan əziyyət çəkən və müharibə dövründə fədakarlıq edən digər insanlarımızın problemlərinə, fəaliyyətlərinin işıqlandırılmasına və onların həmrəy olmasına yönəlmiş fəaliyyət göstərib. Fondun 30 illik fəaliyyətində çox böyük zəhmət var”.

Tədbir vətən müharibəsində şəhid olanların xatirəsinə ehtiramla bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.

Tədbir BAMF-ın prezidenti Umud Mirzəyevin nitqi ilə başlayıb. BAMF-ın Müşahidə şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev də tədbirin fəxri iştirakçılarını salamlayıb. O, da öz növbəsində yubileylə bağlı fikirlərini səsləndirib.

Tədbirin davamında BAMF-ın 30 illiyini əks etdirən sənədli film təqdim edilib.

Tədbirdə həmçinin Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova çıxış edib.

Tədbirdə BMT-nin ölkə üzrə resident əlaqələndiricisinin əvəzi Quido Ambroso, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikasi Milli Məclisin üzvü, MM - Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Mətbuat Şurasının sədri Rəşad Məcid, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, BMT-nin QHT bölməsinin sabiq rəhbəri Andrey Abramov, Beynəlxalq Reytinq Mərkəzinin baş konsulu Aleksandr Rabinoviç, Etik Jurnalistika Şəbəkəsinin təsisçi və fəxri prezidenti Aydan Uayt, Azərbaycan Respublikasının minalardan təmizləmə Agentliyinin İdarə Heyətinin sədri (ANAMA) Vüqar Süleymanov, Mədəniyyətşünaslıq doktoru, RAEN-nin akademiki, Rusiya Yazıçılar ittifaqının üzvü, professor Yuri Pompeyov, Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) direktoru Nidal Salim, Türkiyə-Avropa Jurnalistlər Birliyinin sədri Adnan Fişenk kimi nüfuzlu şəxslər iştirak ediblər.

Daha sonra Nobel mükafatı laureatı, professor Məhəmməd Yunusin təbrik mesajı video-formatda nümayiş olunub.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin Baş Direktoru David Çikvaidze də BAMF-ın 30 illiyi münasibətilə təbrik edib.

“Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Kündə öz növbəsində yubileylə bağlı BAMF-a təbrik mesajı video görüntülərlə əksini tapıb.

Tədbirin davamında Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında BAMF-ı yubiley münasibətilə təbrik edib. O, təşkilatın Prezidenti Umud Mirzəyevə hədiyyə plaket bağışlayıb.

Tədbirin gedişatında BAMF-ın prezidenti Umud Mirzəyev və Əl-Cəzirənin Media Şəbəkəsinin icraçı direktoru Mustafa Suaq arasında əməkdaşlıq memorandumu imzalanıb.

Həmçinin BAMF-la Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva arasında da memorandum imzalanıb.

Sonda tanınmış xanəndə, Əməkdar artist, BAMF-ın mədəniyyət elçisi Qoçaq Əsgərov bir-birindən gözəl ifaları ilə tədbir iştirakçılarında gözəl əhval-ruhiyyə bəxş edib.

Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 30 ili tamam olur. Fond 1992-ci ildə müstəqil qeyri-hökumət təşkilatı kimi yaradılıb, Azərbaycanda QHT-lər haqqında qanuna uyğun olaraq dövlət qeydiyyatından keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər