20 Oktyabr 2022 20:05
232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonu Gənclər Evində "İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” adlı layihə çərçivəsində Dəyirmi Masa keçirib.

Layihənin eksperti Şaban Nəsirov layihə haqqında məlumat verib. O, öncə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu haqqında danışıb. Bildirib ki, qanun yerli icra hakimiyyətlərinin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını nəzərdə tutur. Bu baxımdan da ictimai şuraların təkmilləşərək, bu nəzarət funksiyasını üzərinə götürmələri böyük əhəmiyyət daşıyır.

Eləcə də keçirilən tədbirlərin məqsədi bölgələrdəki mövcud olan sosial problemləri müəyyən edərək müvafiq qurumların nəzərinə çatdırmaqdır.

Rayonda İctimai Şuranın fəaliyyətindən danışan ekspert bildirib ki, şura müəyyən işləri həyata keçirsə də, informasiya təminatı həyata keçirilmədiyindən həmin fəaliyyət çox da ciddi şəkildə nəzərə çarpmır: “Müasir dövrdə cəmiyyətin güzgüsü mətbuat, sosial şəbəkələrdir ki, onların vasitəsilə informasiya təminatının həyata keçirilməsi mühüm məsələdir. Məlumdur ki, ictimai şuralar hər hansı bir maddi təminat həyata keçirilmədən fəaliyyət göstərirlər ki, buna görə də çatışmazlıqlar müəyyən qədər anlaşılandır”.

Qusar rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Nadirşah Məmmədov bildirib ki, maliyyə çatışmazlığı fəaliyyətə əngəl törədən başlıca məsələlərdəndir: “Məsələn, biz şəhid ailələrinə baş çəkirik. Biz 5 litr benzinə də pul veririk, ürəyimizdən onların balalarına pay aparmaq keçir, öz maliyyəmizlə bir dəfə bunu edə biləndə, ikinci dəfə edə bilmirik. Doğrudur, icra hakimiyyəti bizə öz dəstəyini göstəririr. Amma dövlət tərəfindən müəyyən iqtisadi dəstəklənmə olarsa, bu işlər daha ciddi şəkildə həyata keçirilər”.

Dəyirmi Masa müzakirələrlə davam etdirilib.

Sonda Şaban Nəsirov tədbirin keçirilməsinə şərait yaratdığına Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələrinə öz təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər