“Büdcəmiz artıb. Ənənəvi olaraq büdcənin böyük hissəsi neftçilərin əməyi ilə bağlıdır. Müsbət haldır ki, qeyri-neft sektorundan daxil olan gəlirlərə diqqət edilir. Biz çalışmalıyıq ki, islahatlar dərinləşsin və qeyri-enerji sistemindən büdcəmizə gəlirlər daxil olsun”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Asim Mollazadə deyib.
Deputat Ermənistana dəstək olan qüvvələrlə bağlı da fikirlərini bölüşüb.
O bildirib ki, Ermənistanın arxasındakı qüvvələr terroru dəstəkləyirlər:
“Onlar istəmirlər ki, sülh olsun, bölgədə sabitlik yaransın. Bu baxımdan düşünürəm ki, müdafiə sahəsinə ayrılan vəsaitə əlavələr də ola bilər. Ermənistan və onun arxasında duran qüvvələrin anti-Azərbaycan fəaliyyəti, şər-böhtan yaymasına qarşı parlament diplomatiyasının gücləndirməsi vacibdir. Ümumilikdə diplomatik sahədə əməkdaşlıqlar genişləndirilməlidir. Həmçinin İsraildə səfirlik açılmalıdır. Bu gün müsbət xəbər eşitdik ki, İsraillə birlikdə Kibertəhlükəsizlik Mərkəzi açılıb".
Mollazadə eyni zamanda Azərbaycana qarşı çirkin təbliğatın hətta qonşu dövlətin televiziyası vasitəsilə həyata keçirildiyini xatırladıb:
“Mənə elə gəlir ki, biz Dünya Azərbaycanlıları Fondu yaratmalıyıb. Bu, soydaşlarımıza dəstək ola bilər. Azərbaycan dili və mədəniyyətini tanıtmaq olar. Eləcə də müvafiq televiziya açıla bilər. Məncə, bu fond dünya azərbaycanlıların diasporu ilə işləyə, yəni fondun gücü ilə bu istiqamətdə fəaliyyətimizi gücləndirə bilər".