Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən verilən məlumata görə, əvvəlcə ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov qeyd edib ki, Heydər Əliyev özünün dolğun və parlaq həyatını bütünlüklə xalqına, Vətənə və dövlətə xidmətə həsr edib. Heydər Əliyev qüdrətli dövlət qurmaqla və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara, uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin edib. Diplomat ümummilli lider Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi altında yaşadığını və davam etdiyini bildirib.
Səfir deyib ki, Azərbaycan xalqı öz görkəmli liderinin nurlu xatirəsini həmişə hörmətlə yad edəcək.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətinin əsas mərhələlərini əks edən videoçarx nümayiş etdirilib.
Daha sonra səfir və səfirliyin əməkdaşları Pakistan Milli kitabxanasındakı Heydər Əliyev guşəsinə gedərək ulu öndərin həyat və fəaliyyəti haqqında kitabları və Pakistan mətbuatında dərc edilmiş qəzet materiallarını kitabxanaya təqdim ediblər. Eyni zamanda, Bari İmam ziyarətgahında ümummilli liderin ruhuna dualar oxunub, ehsan verilib.
Bundan başqa, Pakistanın nüfuzlu “National Herald Tribune” nəşrində Azərbaycan-Pakistan media forumunun baş katibi Raca Caved Ali Battinin “Dahi lider Heydər Əliyevi yad edirik” adlı məqaləsi dərc edilib.
Məqalədə oxucuların nəzərinə çatdırılıb ki, Heydər Əliyev yüksək sivilizasiya, mədəniyyət və qədim tarixə arxalanan adət-ənənələri və modernizmi özündə əks etdirən müasir Azərbaycanı yaradan lider olub. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrin sırasına daxil olduğu bildirilib. Bununla da Heydər Əliyevin adı əbədi olaraq tarixə həkk olunub.
Raca Caved Batti məqaləsində Heydər Əliyevin ümidsizliyə qərq olan azərbaycanlılar üçün ümid çırağı olduğu və məhz onun səyləri nəticəsində bu gün Azərbaycanın müstəqil, iqtisadi cəhətdən inkişaf etmiş, dünya xalqları arasında özünəməxsus imicə malik ölkə olduğunu bildirib. Qeyd edib ki, uzaqgörən və xarizmatik lider Heydər Əliyev Qərb və Şərqlə, dünyanın əsas qüvvə mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağa müvəffəq olub.
“National Herald Tribune”da nəşr olunmuş məqalədə Heydər Əliyevin keçdiyi həyat yolu, aldığı təhsil haqqında məlumat verilib. Ulu öndərin əmək fəaliyyətindən bilgilər verən yazar Heydər Əliyevin 1941-ci ildə Naxçıvan Daxili İşlər Nazirliyi və 1944-cü ildən başlayaraq Dövlət Təhlükəsizlik Komitəsində işlədiyini bildirib. Qeyd edib ki, Heydər Əliyev SSRİ Kommunist Partiyasının Siyasi bürosunun üzvü, SSRİ Baş nazirinin birinci müavini vəzifəsinə qədər yüksəlib, lakin mərkəzin apardığı siyasətə etiraz əlaməti olaraq partiya sıralarından istefa verib.
Daha sonra jurnalist Azərbaycanın müstəqilliyinin ilk illərinə ekskursiya edərək, həmin dövrün ölkə üçün son dərəcə çətin olduğunu bildirib. Vurğulayıb ki, vətəndaş müharibəsi astanasında olan Azərbaycan xalqı Heydər Əliyevi Bakıya dəvət edib, onun ölkəyə rəhbərlik etməsinə israr edib. Heydər Əliyev Azərbaycan xalqının dar günündə Azərbaycana gəlib, bütün biliyi, təcrübəsi və enerjisini dövlət quruculuğuna, xalqın rifahının artmasına sərf edib. Heydər Əliyev Azərbaycanın neft strategiyasının qurucusu olub, bu siyasəti uğurla həyata keçirib, karbohidrogen resurslarının nəqlinin diversifikasiyasını təmin edib. Məhz bu siyasət nəticəsində o, Azərbaycanın iqtisadi intibahı və siyasi suverenliyinin güclənməsinə nail olub.
Pakistanlı yazar Heydər Əliyevin insani keyfiyyəti, gördüyü işləri, həyata keçirtdiyi islahatlara görə bütün dünya ictimaiyyəti tərəfindən əfsanəvi lider kimi tanındığını, Azərbaycan xalqının hədsiz sevgisini qazandığını qeyd edib.
Məqalədə bu gün Azərbaycanın stabil, yüksək sürətlə inkişaf edən proqressiv bir ölkə olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan xalqı daim Heydər Əliyevin xatirəsini əziz tutur. Azərbaycanın dahi liderinin irsini qoruyub saxlanması məqsədi ilə Azərbaycanın birinci xanımının başçılıq etdiyi Heydər Əliyev Fondu təsis edilib. Fondun Azərbaycan və xarici ölkələrdə fəaliyyətindən bəhs edən yazar bu qurumun Pakistanda da bir sıra irimiqyaslı layihələr icra etdyini vurğulayıb.
Məqalənin sonunda Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin memarlarından olduğu bildirilib. Qeyd olunub ki, Heydər Əliyevin 1996-cü ildə Pakistana səfəri zamanı keçirilmiş görüşlər və imzalanmış sənədlər ikitərəfli münasibətlərin özülünü qoyub və hazırda bu əlaqələr həyatın bütün istiqamətlərində uğurla inkişaf edir.