“Siyasi partiyalara ianə maksimum 10 min manatdır. Hazırda müzakirə edilən “Siyasi partiyalar haqqında” qanunda bu məbləğin minimum əmək haqqının 35 mislindən artıq ola bilməyəcəyi qeyd edilib".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri əlavə edib ki, layihədə siyasi partiyalara ayrılan maliyyənin yoxlanılması məsələsi də öz əksini tapıb:
"Dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyə yoxlanılmasını Hesablama Palatası həyata keçirəcək. Həmçinin partiyaya başqa ianələr varsa, buna MSK tərəfindən nəzarət olunur".
Zahid Oruc bildirib ki, siyasi partiyaların ləğvi apellyasiyası məhkəmələr tərəfindən aparılacaq ki, bu da yenilikdir.
“Partiyaların dövlət qeydiyyatına alınması üçün əvvəlki layihədə 10 min nəfərlik üzvlük tələbi qoyulurdu. İndi bu tələb 5 minə endirilib”.