18 Dekabr 2014 17:54
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyətə başladığı dövrdən indiyə kimi Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər turu” çərçivəsində təxminən 16 min yerli və xarici qonağa xidmət göstərilib. Onların 7 min nəfəri əcnəbi olub.

Teleqraf.com Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə nazirliyin balansında olan 3 ədəd MAN Gülərüz Kobra markalı ikimərtəbəli üstüaçıq 70 nəfərlik (20 yer birinci mərtəbədə və 50 yer ikinci mərtəbədə) avtobus "City Sightseeing Baku" şirkətinin istifadəsinə verilib.

Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi təkliflər əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "Şəhər turu"nun marşrut xətti və dayanacaqları təsdiq edilib. Sözügedən marşruta əsasən 15 dayanacaq nöqtəsi yaradılib. Bunlar Azadlıq meydanı; Heydər Əliyev Mərkəzi; Müasir İncəsənət Muzeyi; Qız qalası; "Four Seasons" mehmanxanası, "İçərişəhər" metro stansiyası; Alov qüllələri; Dağüstü Park; "Bəhram Gur" heykəli; Azərbaycan Dövlət Bayrağı Meydanı; "Panorama" əyləncə çarxı; "Azneft" Meydanı; Kukla teatrı; Muzey Mərkəzi; "7 Gözəl" fəvvarəsidır.

Hər bir 15 nöqtədə quraşdırılmış dayanacaq lövhəsində dayanacağın nömrəsi və avtobuslar arasında olan zaman intervalı qeyd edilib.

Bütün bunlarla yanaşı, turistlərə və qonaqlara göstərilən xidmətin daha da yüksəldilməsi məqsədilə mehmanxanalar tərəfindən qabaqcadan məlumatlandırılan zaman avtobuslar "Abşeron Marriott" mehmanxansının qonaqlarını götürmək üçün Dəniz limanının qarşısında, "Fairmont" mehmanxanasının qonaqları üçün Alov qüllələri binasının önündə, habelə "Riviera" hotelinin qonaqları üçün hotelin aşağı yolunda qısa dayanacaqlar edirlər.

"Şəhər turu" marşrutunun uzunluğu 23 km., turun müddəti isə 1 saat 30 dəqiqə təşkil edir. "Şəhər turu"ndan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində audiobələdçi sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olur və aidiyyəti məlumatları ala bilirlər.

Bundan başqa, "Şəhər turu" marşrutunda istifadəçilərə xidmət səviyyəsinin daha da genişləndirilməsi məqsədilə hər 3 avtobusda yüksəksürətli ödənişsiz simsiz internet quraşdırılıb. Bu isə "Şəhər turu"nda iştirak edən hər bir şəxsə ekskursiya zamanı çəkdikləri fotoşəkilləri və videofaylları sosial şəbəkələrdə paylaşmaq imkanını yaradır.

Hər bir "Şəhər tur"larında iştirak etmək üçün biletləri avtobusların daxilində, Bakı Turizm İnformasiya Mərkəzində (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç. 36) yaradılmış bilet satışı məntəqəsində əldə etmək olar.

Bundan başqa, turistlərin və Bakıya gələn qonaqların rahatlığı üçün Bakı şəhərində fəaliyyət göstərən bir sıra mehmanxanalarda (Fairmont, Four Seasons, Park Inn, Riviera, Grand, Gəncəli və s.) bilet satışları həyata keçirilir.

Onlayn satış üzrə liderlərdən olan "BeSmart" və "Bonuslar" şirkətləri ilə birgə bir sıra müxtəlif endirim kampaniyaları da keçirilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər