6 Yanvar 2023 11:21
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim-anestezioloq Şahin Məmmədov qrip, soyuqdəymə əlamətləri olan şəxslərin etdiyi ən populyar 3 yanlış müalicə üsullarını sadalayıb.

Teleqraf.com xəbər verir ki, həkimə görə, soyuqdəymə əlamətləri olan şəxslərin saunaya getməsi yanlışdır.

Şahin Məmmədov hesab edir ki, xəstələr saunaya getməklə həm oradakı digər insanlara virusu yayır, həm su itirməklə sağalmanı gecikdirir: “Saunanın ümumi soyuqdəymə (common cold) əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib. Saunaya başqa vaxtlar getmək isə orqanizmə faydalıdır.

İkinci yanlış isə soğan və sarımsaq yeməkdir. Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi proqnozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünki virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı soğan, sarımsaq yeməyin əhəmiyyəti ondan ibarətdir ki, siz camaatdan uzaq gəzirsiniz, ya camaat sizdən uzaq gəzir, yoluxma azalır”.

Həkim deyir ki, soyuqdəymə zamanı spirtli içki qəbulu geniş yayılmış mifdir: “Qrip virusu təkcə ağızda, boğazda deyil ki, onu dezinfeksiya edə biləsiniz. Bundan əlavə, 40 faizli spirt nəinki virusu, heç nəyi öldürmür. Əksinə sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir.

Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır, bu da immunitetə böyük zərbədir. İçməyə bəhanə axtarırsınızsa, o başqa... Amma bilin ki, spirtli içkilərdən insana ancaq zərər gələ bilər”.


Müəllif: Yeganə Oqtayqızı