Fevralın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) 11 şəhər və rayonda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.
DİM-dən Teleqraf.com-a bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3 ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər fevralın 19-da müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.