Deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib ki, hazırda bizim bazarlardan Avropa dərmanları sıradan çıxıb. Onun sözlərinə görə, ölkəyə Banqladeşin, Hindistanın dərmanlarını gətirilir, amma Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilməmişik.
Məsələ ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında dərman bazarında uzun zamandır narahatlıq olduğunu deyib.
O qeyd edib ki, müəyyən dərmanların yoxa çıxması pandemiya dövründə də müşahidə edilirdi:
"Rusiya-Ukrayna müharibəsindən sonra da obyektiv səbəblərdən müəyyən dərman preparatlarının ölkəyə gətirilməsi çətinləşib. Nəzərə alaq ki, Rusiya və Ukrayna istehsalı olan dərmanlar xeyli ucuz idi. Bu dərmanların bazardan yoxa çıxması başqa ölkələrdən gələn bahalı dərmanlarla əvəz olunub".
Adil Qeybullanın fikrincə, yeni situasiyada üçüncü ölkələrlə deyil, yaxşı olardı ki, qardaş Türkiyə ilə bu sahədə əməkdaşlıq edək: "Fazil bəylə tam razıyam. Bu, Azərbaycanın gələcəkdə ictimai həyatının bütün sahələrində olduğu kimi bu sahədə də inteqrasiya istiqamətində mühüm addım olardı. Türkiyənin dərman preparatları, əczaçılıq sənayəsi həm texnoloji, həm keyfiyyət parametrləri yüksəkdir. Hesab edirəm ki, bu daha məqsədəuyğun olardı".