Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi və Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sağlam Gənclik Marafonu” layihəsinin icrasına başlanılıb.
“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında idmana marağın artırılması və sağlam həyat tərzində formalaşmasını təmin etməkdir.
Layihə boyunca müxtəlif idman növlərini əhatə edən 5 turnir və 2 təlim həyata keçiriləcək.Diqqətə çatdırılıb ki, layihə çərçivəsində ilk turnir 132-134 nömrəli Təhsil Kompleksində basketbol idman növü üzrə keçirilib. 50-ə yaxın gəncin iştirakı ilə keçirilən turnirdə iştirakçılar birincilik uğrunda mübarizə aparıblar. Gərgin keçən mübarizədə “İstiqlal” komandası 1-ci, “Zəfər” komandası 2-ci, “Xarıbülbül” komandası isə 3-cü yerin qalibi olub. Turnirin sonunda iştirakçı və qalib komandalar kubok və şəhadətnamə ilə təltif ediliblər.
“Sağlam Gənclik Marafonu” çərçivəsində növbəti turnir şahmat idman növü üzrə “Ağ At” Şahmat Klubunda keçirilib. Olimpiya sisteminə uyğun olaraq təşkil olunan turnirdə ümumilikdə 40-dan çox gənc iştirak edib. Şahmat yarışının sonunda iştirakçılar xatirə hədiyyələri və şədahətnamələrlə mükafatlandırılıblar.
Qeyd olunub ki, layihə müddətində qarşıdakı günlərdə badminton, velosiped və stolüstü tennis idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.