Xaricdə yaşayan azərbaycanlılar üçün ana dilini məsafədən öyrənmə imkanını yaradan “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə qeydiyyat davam edir.
Teleqraf.com xəbər verir ki, ilkin mərhələdə layihə 2023-2024-cü tədris ilini əhatə edəcək.
Tədris öncədən müəyyən olunan cədvəl üzrə həftədə 2-3 dəfə onlayn qaydada təşkil olunacaq.
Yerli mütəxəssislər tərəfindən hazırlanan tədris proqramı 3 yaş qrupunu əhatə etməklə başlanğıc, orta və yüksək səviyyələr üzrə tərtib olunub.
Tədris proqramının məzmununa ana dili ilə yanaşı, Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumat da daxildir. Proqramı uğurla bitirən iştirakçılara tədrisin sonunda müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.
Qeyd edək ki, layihəyə indiyədək 20-dən çox xarici ölkədə yaşayan yüzlərlə həmvətənimiz müraciət edib. Dərslərə sentyabrın 15-dən başlanılacaq. Məktəbə qeydiyyatdan keçən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, eləcə də vaxtlarına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.
“Ana dili – Azərbaycan məktəbi”nə son qeydiyyat tarixi 12 avqustdur. Məktəbə http://anadili.agma.az/ platforması vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Layihəyə dair ətraflı məlumat üçün +994 51 226 71 21 nömrəsi və [email protected] elektron poçtu ilə əlaqə saxlamaq mümkündür.