17 Avqust 2023 11:37
2 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.

Yeganə problem boşanmaların artması deyil, nikahlarda da ciddi azalma var. Komitədən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Maraqlıdır, Azərbaycan ailə institutunun çağdaş problemi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov Teleqraf.com-a təəssüflə hazırda boşanma hallarının artdığını bildirib.

O qeyd edib ki, ənənəvi problemlərlə yanaşı, son illər sosial şəbəkələrin, psixoloji məqamların da ailədaxili mühitə təsiri danılmazdır: “Boşanmanın əsas səbəbləri kimi ailədə baş verən zorakılıq faktları, övlad sahibi olmamaq, erkən nikah, sosial şəbəkələr və digər bir sıra məqamları da vurğulamaq olar. Əksər boşanmalar sadaladığım faktorlardan qaynaqlanır. Bu da ailənin dayanıqlı olmasının vacibliyini ortaya çıxarır. Boşanmalar əsasən əhalinin sıx məskunlaşdığı yerlərdə daha çox baş verir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, eləcə də ətraf rayon və şəhərlər boşanmaların ən çox qeydə alındığı ərazilərdir.

Boşanmalarda tərəflər əksər hallarda xasiyyət uyğunsuzluğunu əsas gətirirlər. Ancaq biz ailədə tətbiq olunan zorakılıq halları, qadağalar və erkən nikah kimi digər problemlərlə də rastlaşırıq.

Ailədaxili konfliktlərdə sosial şəbəkələrin də mənfi təsirləri aydın şəkildə görünür. Sosial şəbəkə olmayan dövrdə hazırda müşahidə olunan bir sıra problemlər yox idi. Əksər ailələrdə ərlə arvad vaxtlarının çoxunu sosial şəbəkədə keçirir, bu da ailə üzvlərinin bir-birinə kifayət qədər vaxtın ayırmamasına gətirir və nəticədə ailədaxili münaqişə üçün bünövrə yaradır”.

Ekspert nikahların sayının azalma səbəbini evlilik yaşının yüksəlməsi ilə əlaqələndirib: “Nikahlar daha çox orta yaş dövrünə qədər, yəni 24-30 yaşlarda olan şəxslər arasında bağlanır. Gənclər cəmiyyətin daha aktiv üzvləridir. Müşahidələrimiz onu göstərir ki, gənclərin prioriteti ailə qurmaq yox, daha çox təhsil almaq, karyera qurmaqdır. Onların üstünlük verdiyi əsas meyar dünya görüşünün artırılmasıdır. Nəticədə nikahın bağlanması, ailənin qurulması faktiki olaraq ikinci plana keçir.

Ötən ilin statistikasına nəzər salsaq görərik ki, gənc yaşda bağlanan nikahların sayında azalma baş verib. Ən populyar nikah bağlanma yaşı kateqoriyası 28-dən yuxarı olub”.

Rafiq Mahmudov qeyd edib ki, XX əsrin institutu kimi ailələrin möhkəmlənməsində mühüm rolu ağsaqqallar institutu oynayırdı: “Bəzən bu instituta cəmiyyətin özəyi də deyilirdi. Bu gün də həmin institut mövcuddur, ancaq hazırda onun statusu o qədər aktual deyil. Bunun da müəyyən səbəbləri var. Ağsaqqallar institutu fəaliyyəti iri şəhərlərdə faktiki olaraq müşahidə olunmur, rayon və kəndlərdə isə bu institut qismən də olsa, fəaliyyət göstərir. Bu institut Azərbaycanın milli-mənəvi dəyərlərinin özəyidir. Mövcud bir kəndin ağsaqqalı baş vermiş münaqişənin həlli üçün ailə üzvləri ilə danışıqlar aparıb, onlara öz tövsiyələrini verir.

Sosial sahənin inkişafı, dünyagörüşü, məlumatlılığın artırılması və sair fonunda bu gün insanların daha çox psixoloji problemlərlə rastlaşdığını görürük. Hazırda ailədaxili psixoloji problemlərin sayı kifayət qədər çoxdur. Bütün bunlar üst-üstə yığılanda boşanmaya təsir göstərir.

Komitə olaraq hazırda bu sahədə bir sıra işlər aparırıq. Qurum ailə psixoloqu institutunun yaradılmasında maraqlıdır. Bu istiqamət üzrə bir sıra layihələr həyata keçiririk. Məsələn, bu ilin sonuna kimi ailə psixologiyası mövzusunda iki irimiqyaslı tədbirin keçirilməsi nəzərdə tutulub. Biz ailələrdə olan psixoloji durumun stabilləşdirilməsi üçün müvafiq işlərinin davamlı olaraq aparmasında maraqlıyıq”.

Rafiq Mahmudovun sözlərinə görə, ailə psixoloqu institutu dünya təcrübəsi əsasında formalaşır: “Komitə ailə psixoloqu institutunun yaradılmasında çox maraqlıdır və daimi olaraq bu məsələni müzakirəyə çıxarmaqdadır.

Birinci problem ondan ibarətdir ki, ölkə üzrə peşəkar psixoloq sayı yetərincə deyil. Mütəxəssis çatışmazlığı nəticəsində ailələrin peşəkar psixoloqlarla təmin edilməsində müəyyən problemlər yaranır.

Bu institutun əsas özəlliyi ailədaxili problemləri çölə çıxmamaq şərtilə müzakirə etmək və məsələnin birgə həlli istiqaməti üzrə işlər aparmaqdan ibarətdir. Sözsüz ki, yeni qurulmuş gənc ailələrin əksəriyyətində adaptasiya müddətində müəyyən problemlər olur. Çünki hər bir insanın özünə xas xüsusiyyəti var və yeni ailə həyatına uyğunlaşmalıdır. Uyğunlaşmayanda, ya da uyğunlaşmaq istəməyəndə sözsüz ki, bu, ailədaxili problemlərə, söz-söhbətə yol açır. Psixoloqlar isə yaranmış həmin problemin həllində müəyyən köməkliklər göstərir, düzgün formada istiqamətlər verir, söhbətlər aparır və sair. Çalışırıq ki, həmin institutu Azərbaycanda tam olaraq formalaşdıraq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər