29 Oktyabr 2023 12:01
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 100 illiyi qeyd olunur.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları oktyabrın 29-da Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş "Türk şəhidliyi" abidəsini ziyarət edib, önünə əklil qoyublar.

Sonra qazi Mustafa Kamal və döyüş yoldaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı səsləndirilib.

Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirib ki, Türkiyə xalqı bu qələbəni əzmkarlıq və dəyanətlə qazanıb. Səfir əlavə edib ki, bir əsr bundan əvvəl Türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olub, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırıb. Cahit Bağçı bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb.

Səfir, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük inkişaf yolu keçdiyini qeyd edib. Ötən dövrdə sənaye, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, infrastruktur, turizm, idman və bu kimi bir çox sahələr üzrə ilklərə, nəhəng layihələrə imzalar atılıb.

Cahit Bağçının sözlərinə görə, Azərbaycanın işğalına qarşı türk əsgərlərinin verdiyi qəhrəmancasına mübarizə ölkələrimiz və xalqlarımız arasında sarsılmaz bir qardaşlıq bağları yaradıb.

“Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələrdə tarixi uğurlara imza atıb. Bu gün ümumi daxili məhsulu (ÜDM) bir trilyon dolları aşan Türkiyə G-20 ölkələri içərisində yer alır və NATO-da ən böyük ikinci hərbi gücə sahib dövlətdir. Eyni zamanda, Türkiyə dünyada ən aktiv siyasi fəaliyyətlə məşğul olan ölkələrdən biridir, həmçinin ən çox humanitar yardım edən dövlətlərdəndir. Bu gün Türkiyə məzlumların tək ümididir. Ölkə müdafiə sənayesindəki millilik dərəcəsini 80 faizədək yüksəldib. Türkiyə bu gün peykini, İHA-sını, SİHA-sını, tankını, topunu, savaş gəmisini, savaş təyyarəsini, helikopterini və elektrikli avtomobilini istehsal edən bir sənaye ölkəsinə çevrilib. Aktiv regional və beynəlxalq siyasətimizlə dünyada sülh, hüzur və barış üçün çalışırıq”, - deyə diplomat vurğulayıb.

O əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.

Ziyarət iştirakçıları sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş "Türk şəhidliyi" abidəsinin üzərinə gül dəstələri düzüblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər