Bakı şəhərinin keçmiş meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun Türkiyənin İstanbul şəhərində tarixi binaya qanunsuz müdaxilə (əlavə) etdiyi iddia olunur. Keçmiş merin qonşusu bu səbəbdən şikayət etsə də, illərdir heç bir tədbir görülmür.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Birgün” qəzeti məlumat yayıb.
Məqalədə İsrafil Abutalıbovun tarixi binanın memarlıq xüsusiyyətlərini korladığı və istəyinə uyğun dizayn etdiyi iddia edilir:
“Vətəndaşlıq aldıqdan sonra Türkiyədə otellər alaraq tikinti fəaliyyətinə başlayan İsrafil Abutalıbov İstanbulun Fateh səmtində də bir çox mülklər alıb. 2017-ci ildə Küçükayasofya məhəlləsində qorunan ərazidə yerləşən və biri qismən vəqf mülkiyyəti olan iki binanı da satın alan Abutalıbovun bərpa işləri çərçivəsində binalara qanunsuz hissə əlavə etdiyi bildirilir.
Şikayət əsasında bina möhürlənsə də, tikinti davam edir. Qonşusu İlyas Bəyazid pəncərələrin tamamilə bağlandığını deyib. Bəyazid 2019-cu ildə müxtəlif yerlərə şikayətlər etsə də, bunlara bir il sonra baxılıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinə, Fateh Bələdiyyəsinə, Ekologiya və Şəhərsalma Nazirliyinə və Vəqflər Departamentinə şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib. Amma heç bir söküntü aparılmayıb”.
Nəşr qeyd edir ki, prokurorluğa ünvanlanan ərizə də nəticəsiz qalıb.
İsrafil Abutalıbov prokurorluğa verdiyi ərizəsində İlyas Bəyaziddən şikayət edib. Abutalıbov iddia edir ki, Bəyazidin müxtəlif yerlərə şikayət etməkdə məqsədi onu pul üçün hədələmək və ya pul istəmək olub.
“Mənə pul verməsən, səndən daha çox şikayət edəcəm”, - keçmiş merin oğlu qonşusunun ona belə dediyini bildirib.
Prokurorluğa verdiyi ərizədə Bəyazid də ona hədə-qorxu gəlindiyini və şikayətlərdən sonra Abutalıbovun ofisinə çağırıldığını, bundan sonra ora getdiyini, amma bunun Abutalıbov tərəfindən “iş yerinə basqın” kimi göstərildiyini söyləyib.
İlyas Bəyazid illərlə davam edən mübarizədən sonra verilən qərarların icrasını tələb edir.