Bu adamlara cəza olaraq küçə süpürtdürmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.
O qeyd edib ki, ödənişli yolda biri əks yola çıxıb sürətlə hərəkət edir: “Digər hərəkət iştirakçıları üçün açıq təhlükə yaradır. Başqa biri də maşını 200 km sürətlə sürür. Hətta özünü çəkib sosial şəbəkələrdə paylaşır. Axı belə olmaz”.
Deputat bildirib ki, bu adamlar cərimələnməklə yanaşı, ictimai qınaqla da üzləşməlidir: “Yaxşı olardı ki, bu adamlar belə xətalar etdikdən sonra 15 gün küçə süpürmək və digər ictimai işlərə cəlb edilsin. Bu istiqamətdə qərar qəbul edilsə, bəlkə belə halların qarşısı alınar”.
Millət vəkili Vahid Əhmədov isə deyib ki, ödənişli yola alternativ olan Bakı-Quba yolu da pis vəziyyətdədir:
"Ümumiyyətlə ödənişli yolda tətbiq edilən taariflər kifayət qədər yüksəkdir. Bu yoldan ancaq beynəlxalq koorporotivlərin avtomobilləri istifadə edir. Ona görə də, bu yoldan hamının istifadəsi üçün taariflərə yenidən baxılsın. Bununla bağlı İqtisadiyyat nazirliyinə də müraciət etmişəm. Alternativ yola paralel yolun bərpası ilə bağlı da Baş nazirdən də xahiş etmişəm. Dövlət başçısının tapşırığı ilə bu yolda müəyyən işlər görüldü. Amma problem hələ tam həll edilməyib. Bunu maaliyə çatışmazlığı ilə izah edirlər”.