Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Teleqraf.com Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qanunvericiliyə görə, parlamentin ilk iclasına yeni tərkibdə seçilmiş Milli Məclisin ən yaşlı deputatı rəhbərlik edəcək. Sonra Milli Məclisin sədri, sədrin birinci müavini və daha iki müavin seçiləcək.
Qeyd edək ki, Milli Məclisin rəhbərliyində dəyişikliklərin olacağına dair gözləntilər var. Hətta spikerin və birinci vitse-spikerin yeni deputatlarla əvəzlənəcəyi iddia olunur.
Hakimiyyət komandasının nüfuzlu simalarından biri açıqlamasında parlament rəhbərliyində dəyişikliklərin qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, hazırda Milli Məclis rəhbərliyində təmsil olunan 4 nəfərdən ən azı ikisi kürsüsünü başqa deputat həmkarlarına təhvil verəcək.
Mənbə iki deputatın – Sahibə Qafarovanın və Əli Əhmədovun sədr seçilmək şansının olduğunu bildirib. Onun sözlərinə görə, Sahibə Qafarovanın parlamentə rəhbərlik etmək şansı Əli Əhmədovla müqayisədə daha yüksəkdir.
Məlumatlı şəxs birinci müavin və digər iki müavin postlarını tutmaq şansı olan deputatların da adlarını açıqlayıb. O, millət vəkillərindən Əli Hüseynlinin, Fazil Mustafanın, Şahin Seyidzadənin, Fəzail İbrahimlinin, Erkin Qədirlinin və Qaya Məmmədovun parlament rəhbərliyində təmsil oluna biləcəyini istisna etməyib.