22 Sentyabr 15:13
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacir şair Həmid Dönməz 1900-cü ildə Gəncə şəhərinin İmamlı məhəlləsində doğulub. Babası Həmdullah kişi Qacarlar dönəmində Marağadan Bakıya yerləşib, dörd oğlu (Əhəd, Səməd, Həbib, Abdulla) və bir qızı (Rəxşəndə) olub. Əhəd və Səməd daha sonra mülklərinə görə yenidən Cənubi Azərbaycana qayıdıblar. Həmdullah kişinin vəfatından sonra Həbib və Abdulla bir müddət analarının himayəsində yaşayıblar, meşəçilik peşəsini öyrəniblər. Analarının vəfatından sonra Həbib Gəncəyə yerləşib, Zibeyda (digər adı Ziba) adlı xanımla ailə qurub. Onların bu evliliyindən Məcid və Həmid adlı oğlanları, Şükufə adlı qızları dünyaya gəlib.

Həmid bəy uşaq ikən anasını itirib. İbtidai təhsilini Gəncədə Şah Abbas məscidində fəaliyyət göstərən Məktəbi-ruhanidə alıb. Ərəb və fars dillərini atası Həbib bəydən öyrənib. Məktəbi-ruhanidə dini dərslərlə yanaşı, dünyəvi elmlərə də yiyələnib. Bu dövrdə Osmanlıdan göndərilən türk müəllimlərdən dərs alıb, gizli şəkildə oradan gələn kitabları mütaliə edib.

1918-ci ildə Azərbaycan Cümhuriyyətinin elanından sonra qısa müddətdə məktəblər milliləşdirilib, ana dilində təhsil məcburi olub. Bu dövrdə orta təhsilini tamamlamış Həmid bəy Gəncədə Xuraman xanımın müdiri olduğu 19-cu Qızlar məktəbində müəllim olaraq işə başlayıb. O, 1920-ci ildə Gəncədə ruslara qarşı baş verən böyük dirənişdə iştirak edib. Nəticədə bolşeviklər qardaşı Məcidi və ailəsindən 16 nəfəri güllələyiblər. Buna görə də sonrakı dövrlərdə Həmid bəy mütəmadi təzyiq altında yaşayıb.

1924-cü ildə imtahanlardan keçərək Bakı Ali Pedaqoji İnstitutuna daxil olub. Orada ikən türk müəllimlərdən ədəbiyyatşünas İsmayıl Hikmət Ertaylanın və şair Abdulla Şaiqin diqqətini çəkib, onların rəğbətini qazanıb. Eyni zamanda institutun idari işlər müdiri, rus dili müəllimi Həbib bəy Mahmudbəyovun da etimadını qazanıb.

Həmid bəy 1926-cı ildə institutun “Örnək” adlı divar qəzetində “Boynubükük bənövşəm” adlı yazı yazdığı üçün sorğu-suala çəkilib, kommunist tələbələr təşkilatının idarə heyətinin sədri Əbdüləli Sərdarlı adlı şəxs tərəfindən daha ciddi şəkildə təqib olunub. Həmid bəy sonralar Ankarada çıxan “Mücahid” dərgisində bu məqaləsini dərc etdirib.

Bir neçə il təqibə məruz qalan Həmid bəyi 6 iyul 1926-cı ildə gecə saat 2-də İmamlı məhəlləsindəki evində həbs ediblər. Eyni zamanda yaxın dostu, məktəb müdiri Xuraman xanımın həyat yoldaşı Dr. Cahangir Ağaoğlu da tutulub. Cahangir bəy və 24 yoldaşı Solovki adasına sürgün ediliblər.

Həmid bəy Çekada 8 ay işgəncəyə məruz qalıb, iki dəfə biləklərini kəsərək intihara cəhd edib. İkinci intiharından sonra xəstəxanaya aparılıb, yaxşılaşdıqdan sonra yenidən həbsxanaya göndərilib. On beş gündən sonra İran nümayəndələri işə qarışıb və onu azad ediblər. Həmid bəy məcburiyyətdən nişanlısını da Gəncədə qoyaraq Rəşt şəhərinə mühacirət edib.

1927-ci ildə İrana gələn Həmid bəy iki il işsiz qalıb, çətin şərtlər altında yaşayıb. Diplomu və bir çox sənədləri Bakıda qaldığı üçün sürücülük etmək məcburiyyətində olub. Daha sonra ona dərs demiş türk müəllim Mustafa Tofiq bəyin yardımı ilə Təbrizə, oradan da Tehrana gedib. Yenə Mustafa bəyin və Hüsaməddin Tuğacın köməkliyi ilə Ağrının qəsəbəsi olan Iğdıra yerləşib. Orada özü kimi eyni taleni yaşayan Hüseyn Hacıxanovun yanında yaşayıb. Burada ikən maliyyə idarəsində təhsildar olaraq işə başlayıb, doqquz il bu vəzifədə çalışıb. 1930-cu ilin noyabr ayında ığdırlı Rukiyə xanımla ailə həyatı qurub. Bu evlilikdən yeddi qızı, dörd oğlu olub. Lakin üç övladı bir yaşı tamam olmadan vəfat ediblər. Iğdır Qarsa vilayətinə tabe edildikdən sonra Həmid bəyin işindəki vəziyyət çətinləşib, bəzi əşirət ağalarının iftiraları səbəbindən günahsız yerə beş ay həbsdə yatıb. Sərhəd bölgəsində yaşadığı üçün bölgədəki rus casusları da mütəmadi olaraq onu təqib ediblər, sürgün edilməsini istəyiblər. Lakin bu planları baş tutmayıb. 1951-ci ildə Həmid bəyin guya Iğdırda qurulan “Azərbaycan Qurtuluş Cəmiyyəti”nin təşkilatçılarından olduğu, İran parlamenti ilə əməkdaşlıq etdiyi ittihamı ilə həbsi tələb olunub. Həmid bəylə yanaşı 22 nəfərin evində axtarış aparılıb, lakin heç bir şey tapılmayıb.

Həmid Dönməz 1940-cı ilə qədər Azərbaycandakı qohumları ilə məktublaşıb, dəmir pərdənin enməsindən sonra əlaqələr kəsilib. 1974-cü ildə o, Urmiyada xalası və digər qohumları ilə görüşüb. 1987-ci ildə həyat yoldaşı Rukiyə xanım vəfat edib. 1989-cu ildə oğlu Azbay bəy onu Ankaraya özünün yanına aparıb. 1991-ci ilin aprel ayında Bakıda keçirilən mühacirət ədəbiyyatı simpoziumuna qatılan Həmid bəy 91 yaşında yenidən Vətəninə ayaq basıb. Bu münasibətlə “Ahh Vətən” şeirini qələmə alıb. Bu, onun Azərbaycana son gedişi idi.

Həmid Dönməz 11 mart 1996-cı ildə infarkt nəticəsində vəfat edib, 13 martda Ankarada Karşıyaka məzarlığında dəfn edilib.

Həmid Dönməzin şeirləri üzvü olduğu Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” dərgisində, eləcə də, “Van səsi” qəzeti, “Kars Eli” jurnalında və bir çox başqa mətbu orqanlarda dərc olunub. 2021-ci ildə Dr. Ümit Akın onun geniş həyat hekayəsinin və bütün şeirlərinin yer aldığı “Muhaceretten Bir Haykırış: Vatan” adlı mükəmməl kitab nəşr edib.

İrəvanla bağlı çoxsaylı yazıların müəllifi olan Nizaməddin Onk “Kars Eli” jurnalında onun haqqında maraqlı məqalə qələmə alıb, şeirlərindən nümunələr verib. Şairlə mütəmadi görüşən Nizaməddin bəyə Bakıda dərs aldığı müəllimlərin adlarını da sadalayıb. Sovet Azərbaycanı dövründə Türkiyədən gələrək Bakıda müəllim kimi fəaliyyət göstərən İsmayıl Hikmət Ertaylan, Xəlil Fikrət Kanad, Mustafa Tofiq, Muhiddin Birgen ona dərs deyibmiş. Azərbaycanlı müəllimləri isə bunlar olub: Abdulla Şaiq (ədəbiyyat), Cəbir Məlikov, İsmayıl Novruzi (fizika), Hüseyn Sadiqi (kimya), Fətulla bəy Rzabəyli (biologiya), Azad Əmirbəyli (fiziologiya), E. Mahmudbəyli (iqtisadi-coğrafiya), Həbib bəy Mahmudbəyli (alman və rus dili).

Həmid bəy yüzlərlə şeir qələmə alıb. Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin vəfatı ilə 27 mart 1955 tarixində “Ey məşəl, sən sönməyəcəkdin!” adlı şeir də yazıb.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər