Böyük Britaniya xarici işlər naziri Devid Lemminin Qarabağla bağlı açıqlaması bir neçə gündür Ermənistanda müzakirə mövzusudur.
Teleqraf.com xəbər verir ki, ölkənin revanşist dairələri Londonun qəti mövqeyini Qərbin mövqeyi kimi qəbul edirlər.
"Hraparak" qəzeti yazır ki, əslində, Britaniyanın baş diplomatı bu açıqlaması ilə Qərbdəki bəzi dairələri də, bağlanmış bu separatçı məsələ barədə susmağa çağırıb.
Erməni politoloq Suren Surenyants da bu fikirdədir:
"Britaniya xarici işlər naziri Devid Lemmi öz bloqunda Azərbaycanın Qarabağı azad etdiyini açıqlayıb. Yəni britaniyalı nazir Qarabağla bağlı Qərbin mövqeyini səmimi şəkildə ifadə elədi".
Ekspertin fikrincə, Qərb bu məsələnin bir daha qabardılmamasının tərəfdarıdır. Qərbə görə, bitmiş məsələnin gündəmdə qalması Cənubi Qafqazda yenidən möhkəmlənmək istəyən Rusiyanın işinə yaraya bilər.
"Qərb Rusiyanın regionda təsirinin zəifləməsini istəyir. Mövcud durum Qərbi bu məqsədinə yaxınlaşdırıb", - politoloq bildirib.
Surenyants hesab etmir ki, Lemminin rusiyalı həmkarı Sergey Lavrov belə bir ifadəni təkrarlayar.
Britaniya xarici işlər bundan öncə Azərbaycanın Qarabağı azad etməsinə öz dəstəyini ifadə edib. Açıqlamanın Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ərəfəsində gəlməsi isə bir başqa diqqətçəkən məqam olub. Krallığın baş diplomatı xatırladıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib. Lemmi bu baxımdan Azərbaycanın işğaldan əziyyət çəkən Moldova, Ukrayna və Gürcüstan üçün müsbət nümunə olduğunu vurğulayıb.